Bakının bu qəsəbəsində bədbəxt ailələr yaşayır – Oğuz Ayvaz yazır...

Gün batandan sonra qəsəbə qaranlığın içində it-bat olur. Adda-budda, seyrək işıqlar olsa da, hər yer zülmətə bürünür. Hərdənbir işıqlı yerlərdən keçən adamların kölgələri binaların divarına düşür. Kölgələr irilənir, irilənir və axırda qaranlığa qarışıb gözdən itir.

Yaşadığım qəsəbənin düz mərkəzinə uzunluğu üç, eni beş metrə çatan böyük, köhnə bir vedrə qoyulub. Vedrənin içində də nəhəng şam. Şamın da hündürlüyü 7 metrə çatır. 

Qış aylarında qəsəbə sakinləri qaş qaralan kimi evlərinə tələsirlər. Yeməklərini yeyəndən, birhovurluq dincələndən sonra başlarını atıb yatırlar. Havalar isinəndə, yazın nəfəsi qəsəbənin ürəyinə hopanda isə insanlar evlərindən didərgin düşürlər. Həmin vaxtlar qəsəbənin nəhəng şamı işə düşür. Yazın ilıq axşamlarında, gün batan kimi şam yandırılır. Şamı yandırmaq üçün uzun bir nərdivan gətirilir, iki nəfər şamın kəlləsinə çıxır və budur, şamın alovu görünməkdədir. Şamın işığına sığınan qəsəbə sakinləri yazın gəlişini çığır-bağırla qarşılayırlar. 

Qəsəbənin kiçik məhəllərində gənc analar, şamın közərən işığında parklarda sükuta qarışan uşaqların sehirli səsləri, çayxanada kişilərin domino çırpmaları, əsalı qocaların Qarabağdan, Paşinyandan dəm vurmağı, 50-ci illərdə tikilən kibrit boyda evlərdən görünən tək-tük adamların siluetleri, dənizdən gələn yosun qoxuları, gəmilərin ucalan fit sədaları hələ də həyatın davam etdiyini aramla pıçıldayır...

Bura adamayovuşmaz, içinə qapalı, yoxsul insanlarla zəngindir. Hər yerdə yazılmayan obrazlar gəzişməkdədir. İtlərlə yaşayan Qvazimodanın bənzəri, üzündə çapıq olan narkoman, bütün fəsillərdə əynindən çıxartmadığı qəhvəyi gödəkçəli, ağlını itirmiş qadın, gözləri kor olma dərəcəsinə çatan limon satan kişinin sükutu, hər bazar günü futbol oynayan kişilərin səs-küyü, “nisyə dükan”, utopiyasında yaratdığı ssenarilərə inanan gənc, alkoqol atanın qızı, bədbəxt ailələr və digərləri...

Bəzən mənə elə gəlir ki, buranın sakinləri üçün dünya elə bu qəsəbədən ibarətdir. Sanki qəsəbə onlar üçün hasara alınmış ərazi sahəsidir. Yalnız işləmək üçün ərazini tərk edir, gün batanda da əraziyə geri qayıdırlar. Bu hal uzun illərdi adət halına çevrilib. Burada xoşbəxt adam tapa bilmirəm. Sanki qəsəbənin bozluğu unudulmuş, uzaqlarda itib-batan insan talelərini xatırladır. Dənizdə qağayıların səsində qəsəbə insanlarının əzablı çağırışı eşidilir. Onların əzabını həmişə qağayıların səsində duyuram. 

Xatirələrimin yanımdan ötüb keçdiyi uzun səhra yolu kimidir bu qəsəbə. Buranın səhralığı insanların içinə də hopub, onların həyatla bağlı işıqlı düşüncələri, xəyalları qeyblərə çəkilib. Burada darıxmaq ayaq açıb yeriyir, adamların üzlərində yalqızlığın fotosu dolaşır. Bircə küçə itləri, bir də pişiklər xoşbəxtdir.

Hərdən ulduzlu gecələrdə qəsəbənin sükuta qərq olduğu zamanda hıçqırıqlar eşidirəm. Qadınların gizlincə ağladığını duyuram. Bu qəsəbədə qadınlar ərdə olsa da, başları uşaq-muşağa qarışsa da, tənhalıqlarını gizlədə bilmirlər. Ərləri tərəfindən döyülən, qayğısız, sevgisiz qalan gənc analardı onlar. Onların gecələr qoyunlarında uşaqları yatır. Yatır məsumca. Gecələr kişilərin xorultusu və göylərə qalxan siqaret dumanı ulduzlara qarışır. 

Gecənin bir aləmində bir-biri ilə yarışa çıxan maşınlar kimi külək qəsəbəni cənginə alır. Nəhəng şam yerindən tərpənməyə, rəqs etməyə başlayır, kimsəsiz küçələrdə zir-zibillər, kağızlar havadan asılı qalır, qəfil şamın yerə çırpılması qəsəbəni lərzəyə gətirir. Yuxular aləmindən qəsəbəyə axın başlayır. Qorxu qəsəbə sakinlərini bir araya toplayır, onlar birgə yüyürməyə başlayırlar və qəfildən heçliyə çevrilirlər. Qəsəbə kimsəsiz, boşluğun içində düşür, bircə pişiklər və itlər qalır.

0.059624910354614