Autizm Maarifləndirmə Gününə həsr edilən “Autizmə fərqli baxış” adlı seminar keçirilib

Autizmlə Mübarizə İctimai Birliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə “Yeni klinika”da Autizm Maarifləndirmə Gününə həsr edilən “Autizmə fərqli baxış” adlı seminar keçirilib.

BakuPress.Az xəbər verir ki, iki hissədən ibarət seminarda açılış nitqi ilə çıxış edən “Yeni klinika”nın direktoru Barat Yusubov autizmin XXI əsrin qlobal problemlərindən biri olduğunu deyib: “Autizm sindromlu övladı olan valideynlər bəzən öz uşaqlarını ictimaiyyətdən uzaqlaşdırmağa çalışırlar. Ancaq autizmi ictimaiyyət qəbul etməli, onları “xəstə” kateqoriyasından çıxarmalıdırlar”.

İctimai Birliyin sədri Çiçək Məmmədli indiyədək ölkəmizdə autizm spektri pozuntusu problemi və onun aktuallığı, ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verib. O, Autizmlə Mübarizə İctimai Birliyinin apardığı maarifləndirmə işləri, valideynlər arasında stiqmanın mövcudluğu, bu sahədə üzləşdikləri problemlərdən bəhs edib. Qeyd olunub ki, aparılan tədqiqatlara görə, dünya əhalisinin 1 faizi autizmdən əziyyət çəkir.

Qeyri-rəsmi statistikaya əsasən ölkəmizdə təxminən 5 mindən çox uşaq və yeniyetmə autizm sindromludur.

Daha sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Tibbi təhsil və innovasiyalar departament rəhbəri Teymur Mirzəbəyli, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin rəhbəri Bahadur Rzayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva autizmin ictimaiyyətdə qarşılanması ilə bağlı çıxışlar ediblər.

Seminarda “Autizmdə Təbii Müalicə Metodları”, “Autizmə psixoloq yanaşması”, “Reabilitasiya prosesində autizmli uşaqlara və onların ailələrinə sosial psixoloji dəstək”, “Autizm və neyroiltihab” mövzuları haqqında fikir mübadiləsi aparılıb.

Tədbirin əsas məqsədinin əhalini autizm sindromu ilə bağlı maarifləndirmək və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək olduğu vurğulanıb.

Mövzu ilə əlaqədar müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Rəvanə Ağamirova "Ay Laçın" xalq mahnısını ifa edib.

Azərtac

 

0.078703165054321