Vaşinqton Rusiyanın paytaxtı Moskvada baş verən qanlı hücumdan 2 həftə əvvəl Rusiyaya xəbərdarlıq edib.
BakuPress.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ mediası yazıb. Xəbərdə Moskvanın bunu təhdid və şantaj kimi qəbul etdiyi qeyd olunub.
Belə ki, ABŞ iki həftə əvvəl Rusiyadakı vətəndaşlarına xəbərdarlıq edərək, Moskvada keçirilən kütləvi tədbirlərin, o cümlədən konsertlərin hədəfə alına biləcəyini göstərən məlumatların dəyərləndirildiyini açıqlamışdı.
ABŞ-ın ardınca İngiltərə də analoji bəyanatla çıxış edərək vətəndaşlarından kütləvi tədbirlərdən uzaq durmağı xahiş edib.
"Russia Today"in baş redaktoru Marqarita Simonyan teleqram kanalında ABŞ-ni "şərik"likdə ittiham etmişdi:
"Əgər konkret məlumatınız varsa, bu, kəşfiyyat xidmətləri vasitəsilə ötürülməlidir. Əks halda, bu, şəriklik olardı" .
Bu gün isə ABŞ mətbuatında yayımlanan xəbərlərdə ABŞ-də İŞİD-in hücum hazırlığında olması ilə bağlı kəşfiyyat məlumatı olduğu iddia edilib.
"Wall Street Jorunal" nəşri Birləşmiş Ştatların müntəzəm olaraq müttəfiqləri və tərəfdaşlarına, hətta bəzi hallarda rəqiblərinə belə potensial terror fəaliyyətləri ilə bağlı xəbərdarlıqlar etdiyini yazıb.
“New York Times” qəzeti isə etibarlı mənbələrə əsaslandığı xəbərində ABŞ səfirliyinin martın 7-də etdiyi xəbərdarlığın dünən baş verən hücumla bağlı olduğunu iddia edib.
Qəzet həmçinin ABŞ rəsmilərinin Rusiyanın hücuma görə Ukraynanı ittiham edəcəyindən narahat olduğunu yazıb.