"Azdrama"nın mükafatları təqdim edildi - Fotolar

Martın 11-də Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

BakuPress.az xəbər verir ki, 10 Mart - Milli Teatr Gününə həsr olunan mərasimdə Azərbaycan teatrının tarixi və bu günü haqqında videoçarx nümayiş edilib.

Mərasimdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov nazir Adil Kərimlinin Milli Teatr Günü ilə bağlı təbrik məktubunu oxuyub.

Tədbirdə Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə kollektivi Milli Teatr Günü münasibətilə təbrik edib. “Burada paytaxt və bölgə teatrlarından olan həmkarlarımızla bir ocaqda yığışmağımız çox gözəldir. Nə yaxşı ki ən böyük missiyamız, məqsədimiz olan teatr bizi bir yerdə birləşdirə bilir", - deyə M.Ələkbərzadə vurğulayıb.

Sonra Əməkdar incəsənət xadimləri, professorlar İlham Rəhimli və Məryəm Əlizadə Azərbaycanda teatr ənənələrindən söz açıblar. Çıxış edənlər zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqların, aktyor və rejissorların böyük rol oynadığını bildiriblər.

Daha sonra “Milli Teatr Mükafatı” təqdim olunub. Mükafat Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə teatr xadimlərinə, paytaxt, bölgə teatrlarına və tamaşalara təqdim olunub.

Ölkəmizdə fəaliyyət göstərən 21 teatr mükafatlandırılıb.

“Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafat Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına (quruluşçu rejissor Xalq artisti, mərhum rejissorumuz Azər Paşa Nemətov) görə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Elçinin “Sənətkarın taleyi” tamaşasına (Xalq artisti, mərhum rejissor İranə Tağızadənin quruluşunda) görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı: V.X.A” tamaşasına (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) görə və Şuşa Dövlət Dram Teatrında “Lənkəran xanının vəziri” tamaşasına (quruluşçu rejissor Loğman Kərimov) görə təqdim edilib.

“Milli teatrın inkişafındakı xidmətlərinə görə” nominasiyası üzrə mükafatlar Xalq rəssamı Nazim Bəykişiyevə, Xalq artisti Rafiq Əzimova, Xalq artisti İlham Namiq Kamala, Əməkdar mədəniyyət işçisi Maqbet Bünyadova verilib.

“Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafat Xalq artisti Nurəddin Mehdixanlıya (Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun “Əsrə bərabər Gün” tamaşasındakı Yedigey obrazına görə), “Ən yaxşı qadın rolu” nominasiyası üzrə mükafat Xalq artisti Bəsti Cəfərovaya (Akademik Milli Dram Teatrında Eduardo de Filipponun “Filumena Marturano” tamaşasındakı Filumena obrazına görə) təqdim olunub.

Gəncə Dövlət Dram Teatrında “Ən yaxşı qadın rollarının ifaçısı” nominasiyası üzrə mükafata Xalq artisti Pərvanə Qurbanova, “Ən yaxşı kişi rolu” üzrə mükafata Lənkəran Dövlət Dram Teatrında Kamal Abdullanın “Casus” tamaşasındakı Dədə Qorqud obrazına görə Xalq artisti Qabil Quliyev layiq görülüb.

“Bölgə teatrlarına dəstəyə görə” – Azərbaycan Teatr Xadimləri İttifaqının “Heydər Əliyev İli” və Azərbaycan Milli Teatrı – 150 tədbirləri çərçivəsində bölgələrdə təqdim olunan Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasında uğurlu iştirakına görə Xalq artisti Firəngiz Mütəllimovaya, “Ən yaxşı qadın rolu” - Akademik Milli Dram Teatrında Cavid Zeynallının “Şükriyyə” tamaşasındakı Zöhrə obrazına görə Əməkdar artist Mehriban Xanlarovaya təqdim edilib.

“Ən yaxşı rəssam işi” nominasiyası üzrə Azərbaycan Dövlət Kukla Teatrında “Ələddinin sehrli çırağı” tamaşasına görə İqbal Əliyev, “Akademik Milli Dram Teatrında uşaq rollarının ən yaxşı ifaçısı” nominasiyası üzrə Aylin Həşimova, “Teatr irsinin qorunmasındakı xidmətlərinə görə” – Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, “Ən gənc Leyli” nominasiyası üzrə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında ifasına görə Rəvanə Əmiraslanlı, habelə “Ən yaxşı işıq rəssamı” üzrə Akademik Milli Dram Teatrından Rafael Vaqifoğlu, Gənc Tamaşaçılar Teatrından Vadim Kuskov, “Tamaşalarda mürəkkəb texniki quruluşa görə” Akademik Milli Dram Teatrından İsa Əsədov mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.

 

 

0.058679819107056