Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var? - FOTO

Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və üç yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

Bunu AZƏRTAC-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılmalı, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilməlidirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedirtmək üçün əlavə fasilələr verilməlidir.

“Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər üç saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyənləşdirilir. Hamilə, 14 yaşına çatmamış uşağı və yaxud 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir”, - deyə vəkil bildirib.

 

 

Toğrul Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən hamilə və yaş yarımadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan çox olmamalıdır: “Müəssisənin ləğv olunması və müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi hallarından başqa hamilə və ya üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq peşədə çalışan qadınlar attestasiya olunmayan işçilərə aid edilir. Göründüyü kimi Əmək Məcəlləsi ilə hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan analara və uşaqlarını təkbaşına böyüdən atalar üçün güzəştlər nəzərdə tutulub”.

Vəkil bildirib ki, aliment ilə bağlı icra sənədi icra şöbəsində olduqda şəxsə bank hesabı göndərilir. Digər tərəf işlədiyi təqdirdə əməkhaqqıdan tutulur və tələbkarın hesabına göndərilir. Əgər şəxs işləmirsə, burada müəyyən problemlər yaranır. Bu zaman işləməmək şəxsi aliment öhdəliyindən azad etmir. Şəxs aliment borcunu ödəməlidir.

“Tərəfin təqdim etdiyi bank hesabına və ya poçt hesabı ilə göndərib qəbzi özündə saxlayıb aliment ödədiyini sübut edə bilər. Şəxs aliment borcunu ödəmirsə, tələbkar icra məmuruna məlumat verməlidir. İcra məmuru məsələni araşdırıb bu zaman qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görür. İlk növbədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə, əsasən, inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilir. 528-ci maddə “məhkəmə və digər orqanlarının icrası tələbi icra məmurunun tələblərinin yerinə yetirilməməsi” adlanır. Protokola baxan məhkəmə işin hallarına baxaraq işə xitam verə, 500-1000 manat arasında cərimə və yaxud da bir ayadək inzibati həbs cəzası verə bilər. İnzibati məsuliyyətdən sonra şəxs aliment borcunu ödəmirsə, növbəti dəfə icra məmuru tərəfindən həmin şəxs barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi açılır. Bu maddə ilə təqsirli bilinən şəxsi iki min manat məbləğində cərimə və ya üç ilədək azadlıqdan məhrum etmə kimi cəza gözləyir. Aliment borcu ilə bir dəfə cinayət işinə cəlb olunubsa, bununla da bir daha cinayət işi açılmayacağı qənaətinə gələ bilmərik. Çünki gələcəkdə yenidən aliment borcu yaranarsa, eyni proses həyata keçirilə bilər. Əgər uşaq yetkinlik yaşına çatana qədər borc yaranıbsa, həmin aliment borcu silinmir və yenə də onu ödəmək lazımdır”, - deyə T.Məmmədov vurğulayıb.

 

0.070283889770508