Qurban Qurbanov: “Bu gün zəfər çalmaq daha ləzzətli oldu”

Bu gün zəfər çalmaq daha ləzzətli oldu”.

BakuPress.Az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək (ilk oyunda 4:2) tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib:

“Futbolçularıma, möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Bir azərbaycanlı kimi, birliyimizi görəndə çox sevinirəm. Xalqımı çox sevirəm. Onların həmişə xoş gününü görmək istəyirəm. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu. Müharibədən sonra daha möhkəm olmuşuq. Bu sözlərdən həmişə istifadə edirəm, bu, mənə böyük motivasiya verir. Bu gün meydançada xalqın layiqli komandası var idi. Bizim etdiyimiz şəhidlərimizin, qazilərimizin etdiyinin 1 faizi deyil. Onlar elə miras qoyublar ki. Amma bu gün sanki döyüş var idi meydanda. Başda prezidentimiz olmaqla, qazilərimizi, müharibə veteranlarını təbrik edirəm. Hər kəsin sevincini görürdüm və qürur duyurdum. Prezident seçkilərindən bir gün sonra“Braqa”nı səfərdə məğlub etdik. Bugünkü qələbəmiz isə təbriki tam etdi”.

 

 

O, son qolun müəllifi Nəriman Axundzadə barədə xoş fikirlər səsləndirib: “İnsan məsuliyyətlidirsə, onun böyümək şansı çoxdur. Səfər oyunundan sonra Nəriman ağlayırdı. Bütün futbolçular ona təsəlli verirdi. Fikirli idi. Məşqlərdə üzərində çalışırdı, bazadan çıxmırdı. Allah onun əvəzini verdi”.

Baş məşqçi Elvin Cəfərquliyevin qırmızı vərəqə almasına da toxunub: “Belə oyunlarda 3-5 dəqiqə ərzində iki sarı vərəqə vermək məncə, artıq ola bilər. Birdən-birə komandanı ruhdan sala bilər. Amma bunların hamısının bizə faydası var. Futbolçu dözümlü, hər bir problemə hazır olmalıdır. Azlıqda da ola bilərsən. Amma dözümlülük, iradə mühümdür”.

0.054596900939941