Lənkəranda avtomobilin yük yerindən külli miqdarda narkotik aşkarlanıb - FOTO

Lənkəran sakinlərindən altı kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən BMW markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat vasitəsi saxlanılıb. Keçirilən baxış zamanı avtomobilin yük yerindən beş kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslər sözügedən narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışının təşkil olunmasından ötrü əldə ediblər.

Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyatla isə əvvəllər məhkum olunmuş Lənkəran rayon sakini Sehran Nəzərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

Ümumilikdə isə son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 16 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

 

0.036513090133667