DİN-dən 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması məsələsinə REAKSİYA - YENİLƏNİB + VİDEO

Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması faktına görə hüquq-mühafizə orqanlarının əməkdaşları ailənin evində olub, ailə başçıları ilə danışıqlar aparıblar. Yetkinlik yaşına çatmayan qızın təhsilinə davam etməsi təmin edilib”.

Bu barədə BakuPress.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

10:22

“Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb”. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailə ziyarət edilib:

 

 

“Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib.

Nəzərə alsaq ki, qızın 12 yaşı var və o, bu yaşda nişan və ya evlənmək istəyinə necə qərar verə bilər?

Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.

Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər”.

Xatırladaq ki, ötən gün “Xəzər” televiziyasının əməkdaşları sözügedən ailənin evində çəkiliş edərkən hücuma məruz qalmışdılar

Könül Cəfərli

0.03215503692627