Kəlbəcər rayonunda yaradılacaq İstisu və Zülfüqarlı rekreasiya zonaları sırf sağlamlıq turizmi baxımından ixtisaslaşacaq.
BakuPress.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda panel müzakirələrində bildirib.
“Ümumilikdə Kəlbəcərdə 5 rekreasiya zonası olacaq. Bunlardan 2-də sağlamlıq turizminin inkişafı üçün çalışacağıq. Bundan əlavə, gələcəkdə İstisu və Zülfüqarlıya investisiya qoyuluşu potensialı olacaq”, - deyə o qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə sağlamlıq turizminin potensialının çox böyük olduğunu deyən R.Əliyev həmçinin deyib ki, gələn il Qarabağda sağlamlıq turizmi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək:
“Tədbirə beynəlxalq ekspertlər cəlb olunacaqlar və dünya təcrübəsinə yiyələnmək üçün müzakirələr aparılacaq”.