Ostap Benderin maraqlı bir ifadəsi var: «Eto ne Rio de Janeyro».
İndi Avropada gözəl dərələr, dağlar, qayalar görəndə mən də Ostap Bender kimi deyirdim: «Yox, bura Kəlbəcər deyil!»
Şəhərlər gözəl ola bilər. Mənim üçün şəhərlərin gözəlliyi orda yaşayan insanlardı, şəhərlərin istiliyidi, söhbət hava istiliyindən getmir, insanların istiliyindən gedir. Bu böyük şəhərlərdə heç vaxt bu istiliyi hiss etməmişəm, bircə İstanbuldan başqa.
Bakıda soyuq olanda da mənim üçün həmişə istidir. Bu, adamların doğmalığı, istiliyidir.
Bu böyük şəhərlərin heç biri Bakı qədər gözəl deyil, Ağdam qədər heç gözəl deyil.
Mənim üçün bugünki Ağdamın xarabalığı Avropanın bütün şəhərlərindən gözəldi.
80-ci illərdə şair Məmməd Aslanın Türkiyədən bir dostu gəlmişdi, təxminən bir ay qonağı oldu. Bizə də gətirmişdi Məmməd Aslan onu. Bizə deyəndə, Məmməd Arazgilə.
Şairi ziyarət edən türk arkadaş bir qədər əsəbi halda dedi:
- Məmməd Aslan bir aydı məni Azərbaycanı gəzdirir, day bulaq qalmayıb, meşə qalmayıb, dərə-təpə qalmayıb, çiçək qalmayıb, gül qalmayıb mənə iylətməmiş. Deyirəm Məmməd, bu daşdan, bu çiçəkdən, bu bulaqdan Türkiyədə də var, məni insanlarla tanış elə, insanları göstər. Mən insanlarla tanıyım Azərbaycanı.
İndi Avropadakı dağları, dərələri gəzmişəm, çiçəkləri, gülləri görmüşəm, hətta göllərində də çimmişəm, amma Bakıdakı, Ağdamdakı insanları görməmişəm.
Hüseyn Kürdoğlu yazır:
Yenə də baş çəkim Ağdama gərək,
Qarqarın suları Ağdama gərək
Bu yerin qədrini bilməyənlərin
Qara gözlərinə ağ dama gərək.
Mənim də, ağdamlıların da, bütün qarabağlıların da gözlərinə ağ dammışdı. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, şəhid və qazilərimizin qəhrəmanlığı nəticəsində gözlərimizə dammış ağ silindi.
Yeri gəlmişkən, mən 30 ildi demək olar ki, həmişə Ağdamı yuxumda görürdüm, amma dağılmış deyil, qəşəng və gözəl bir şəhəri görürdüm. İndi Möhtərəm Prezident İlham Əliyev mənim yuxuda gördüyüm o gözəl Ağdamı yenidən tikir. Mən əvvəllər də yazmışam, yenə də yazıram, yeni tikilən Ağdam həmişəkindən çox gözəl olacaq, çox isti olacaq. Çünki binalara qoyulan hər daşa sevinc göz yaşlarımızı da qoyacağıq. Və o binalar çiçəkləyəcək. Gözünüzün önünə gətirin, bütün binaları çiçəyə bürünmüş Ağdam.
Oxucu, bağışla, mən bu yazını fikirləşib yazmıram, vəhylə yazıram, ürəyimə nə gəlir onu yazıram. Ona görə mətləbdən çox uzaqlaşıram.
İndi Bakıdan, gözəlim Bakıdan, qibləm Bakıdan, gözəlim Ağdamdan, qibləm Ağdamdan iki min kilometr uzaqdayam. Atamın mənlə məzələndiyi kimi, axşam Bakıya uçub səhər Ankaraya qayıtmağa nə gücüm vardı, nə də pulum çatardı. Ankara nə qədər doğma şəhər olsa da Bakı üçün, xüsusilə də nəvələrim üçün it kimi darıxırdım.
Bir səhər yuxudan duranda özümdən asılı olmayaraq yerimdə sakitcə ağlayırdım. Xanımım hiss etdi, dedi, niyə ağlayırsan? Dedim ki, çəpişlər yadıma düşüb.
Nəvələrimə «çəpişlər» deyirəm.
Xəstəxana şəhər mərkəzindən təxminən 40-50 kilometr məsafədə idi. Deyək ki, təxminən Mərdəkan. Xəstəxananın aurası məni daha çox sıxırdı. Burdakı insanların heç birinin gözü gülmürdü, bircə həkimlərin, tibbi personalın baxışları mülayim idi, ümidverici idi, zarafatlarından da qalmırdılar.
Məni daha çox sıxan körpə uşaqlar idi. Müalicəsi mümkün olmayan bu xəstəliyə tutulmuş uşaqların günahları nə idi, Allah? Allahım, sən çox adilsən, özümü demirəm, təki bu körpələrin valideynlərinin səndən ümidi kəsilməsin.
Bir azərbaycanlı ailə vardı, 8-9 yaşlarında qızları əməliyyatdan uğurlu çıxdı. O ata-ananın gözlərindəki sevinci görsəydiniz. Atasını bağrıma basıb təbrik etdim. Bəlkə mən onlardan da çox sevinirdim.
Xəstəxananın girəcəyində bir şəffaf qutu qoymuşdular. Ürəyi istəyənlər burda yatan uşaqlara kömək məqsədilə həmin qutuya pul atırdılar. Baxıram, iki yüz lirə atan var, hətta yüz dollar atan var, beş-on lirə atanlar da var, hər kəs imkanı daxilində. Mən də hər dəfə xəstəxanaya girəndə mütləq o qutuya imkanım daxilində pul atardım.
Xəstəxananın aurası məni sıxdığından orda qalmaq istəmədim, üzbəüz bir otel vardı, bir müddət orda qaldım, daha doğrusu, qaldıq. Sonra həkim dedi ki, o otel çox bahadı, ətrafda butik otellər var, onlar ucuzdu, həm də rahatdı.
Xəstəxana varlıların yaşadığı bir qəsəbədəydi. Hər yan bir-birindən yaraşıqlı villalar idi. Bizdən fərqli olaraq bu villaların heç birinin hasarı yox idi. Sadəcə olaraq bir metr, metrə yarım hündürlüyündə dəmir tor çəkmişdilər, bəziləri də həmin tora sarmaşıq dırmaşdırmışdı. Çox səliqəli bir qəsəbə idi. Həkimlər tibbi personala dedilər, onlar da bizim üçün bir butik otel tapdılar – rahat, səliqəli. Bircə narahatçılıq o idi ki, otaqdakı televizor yalnız türk kanallarını göstərirdi, beş-altı kanalı çıxmaq şərtilə yerdə qalan 200-250 kanal… bizim özəl kanallar onların yanında toya getməli idi. O ciddi 5-6 kanal isə 24 saat yalnız və yalnız Qəzzadan danışırdı. Alimlər, yazıçılar, əməkli hərbçilər eyni şeyi nə qədər təkrarlayırdılarsa, o da bir tərəfdən adamı yorurdu.
Ən maraqlısı da o idi ki, milyonerlərin yaşadığı qəsəbədə üçcə ucuz kafe vardı, iki dənə də market.
Çox ağır, uzun və darıxdırıcı səfər oldu. İlk dəfəydi ki, Vətəndən təxminən iki ay ayrı düşdüm. Düzdür, getdiyim yer də Vətən sayılırdı, amma doğulduğum, uşaq vaxtı torpağını yediyim, qız dalınca düşdüyüm, döyüb-döyüldüyüm Vətən deyildi. Ömrümdə qibləmiz olan Bakı üçün bir belə darıxmamışdım. Dostlarım üçün darıxmışdım, Bakının tıxacları üçün darıxmışdım. Tıxaclarda qalanda buna səbəb olan şəxsləri söymək üçün darıxmışdım.
Deyirlər bir ara Məhəmməd Hadi orduda mollalıq edirmiş. Bir əsgər şəhid olur, Şairi çağırırlar ki, gəlsin cənazə namazı qılsın. Şair gəlib görür ki, cənazəni üzü qibləyə, yəni Məkkəyə tərəf qoyublar.
Deyir:
- Çevirin üzünü Bakıya, bunun qibləsi Bakıdır.
Cənazənin üzünü Bakıya çevirtdirir və deyir ki, bu heç sağlığında ərəb dilini bilmirdi və başlayır «İnsanlığın tarixi faciəsi» poemasını oxumağa.
Bilmirəm Məhəmməd Hadinin üzünü hansı qibləyə doğru basdırıblar, çünki şairin heç məzarı da yoxdu. Bircə onu bilirəm ki, Gəncədə dəfn olunub.
İndi mən də qibləmiz Bakı üçün darıxırdım. Ümumiyyətlə, mən darıxan adamam. Bakıda olanda da Ağdam üçün, Qarabağ üçün darıxıram. Hələ tələbəlik illərindən ən azı ayda üç-dörd dəfə Qarabağa gedər, Qarabağın bütün rayonlarını gəzər, sonuncu duracağım isə Ağdam olardı.
Beş il universitetdə oxudum, heç vaxt şənbə günləri dərsdə olmadım. Beşinci gün qatarla Ağdama gedər, bazar günü isə Bakıya qayıdardım.
Atam da mənimlə məzələnərdi:
- Ay bala, hər gün Ağdamdan Bakıya iki təyyarə uçur, biri səhər, biri axşam. Elə səhər otur təyyarəyə uç Bakıya, dərsdən də çıxanda axşam qayıt geri. Kirayə pullarından ucuz çıxar.
Dünyanın böyük şəhərlərini gəzmişəm. Nyu-Yorkdan, Vaşinqtondan tutmuş, Milanından, Varşavasına qədər. Səliqəli şəhərlərdi, amma bu şəhərlərdə də darıxmışam.
Amerikada bir ay oldum, deyirdim nə vaxt qayıdacağıq Bakıya. Dostlar da deyirdi ki, nə var Bakıda.
Deyirdim:
- Bakıda Bakı var.
Avropa şəhərlərində ən çox görmək istədiyim yerlər kilsələr və muzeylərdi. Hər bir kilsəyə girərdim, şam yandırardım, İsanın çarmıxa çəkilmiş heykəlinin önündə də bir «Fatihə» surəsi verib dua oxuyardım.
Kənardan baxanlar da təəccüblənərdi. Bizim üçün, yəni biz azərbaycanlılar üçün kilsə də, sinaqoq da, məscid də müqəddəsdir, Allah evidir. Bir sözlə, biz erməni deyilik.
Deyirlər dünyanın yeddi möcüzəsi var, mənim üçün isə dünyanın səkkizinci möcüzəsi və möcüzələri Milanda, Praqada gördüyüm kilsələrdi. Təxminən 300 ilə, bəlkə də 400 ilə tikilmiş, hər daşı bir zərgər işi olan bu kilsələri insan necə tikib, bax, möcüzə budur. Məni təəccübləndirən yalnız bu kilsələrin tikilişi olub, bu böyük şəhərlərdə məni təəccübləndirən başqa bir şey olmayıb. Bir-birinin içinə girmiş hündür, şüşə binalar. Nyu-Yorkda bir oteldə qalırdıq, yadımdan çıxıb, deyəsən 80-ci mərtəbə idi, səhər nə günəş görünürdü, nə də axşam ay.
Günay Ardanı yola salarkən xanımım dedi:
- Bu da hər gün çığırıb-bağırır ki, evə getmək istəyirəm, dolma yemək istəyirəm, katlet yemək istəyirəm.
Aradan iki gün keçmiş Günay xanım bir gecə yenə gəldi. Qoltuğunda da böyük bir qazan, tənək dolması bişirib gətirmişdi. Özü də mənim istədiyim Qarabağ dolması.
Dolmanı acgözlüklə az qala ağzıma yox, gözümə təpirdim. Xanımımı da, Günay Ardanı da gülmək tutmuşdu.
Bir boşqab da otelin sahibi Fateh bəyə verdim:
- Abi, al, gör dolma necə olar? Yoxsa sizin sarma…
Üç gün kef elədim ey, ürəyimdən vodka içmək də keçdi.
Fateh bəy dedi ki, bizdə vodka olmur, istəyirsən rakı gətirim.
Dedim:
- Yox, yox, heç onun şüşəsini də görmək istəmirəm.
92-ci il idi. Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Odər), Zakir Fəxri və bir neçə dostla ilk dəfə İstanbula getmişdim. Görkəmli alim Turan Yazqanın oğlanları bizi bir axşam yeməyə dəvət etdi. Hamı rakı içirdi. Ona su qatırlar, onda da şüyüd iyi gəlir. Dedim ki, mənim rakıma su qatmayın.
Turan Yazqanın oğlu:
- Bəy, onda səni çıldırdacaq.
- Nə çıldırdacaq ey, onun dərəcəsi altmışdır, bizdə tut arağının dərəcəsi səksən. Onu içə bilirik, indi bunu içə bilməyəcəyik?
- Bəy, vallah, səni çıldırdacaq.
- Çıldırdacaq, çıldırdacaq da.
Nə isə, normamı, yəni 250 qram rakını susuz içdim. Sonra da durub restorandan çıxdıq, otel də yaxın idi, deyə-gülə, zarafatlaşa-zarafatlaşa gəldik otelə, çay içməyə. Amma gördüm susuzluqdan yanıram. Nə qədər su içirdim, susuzluğum yatmırdı, təxminən iki litr su içdim. Xeyiri olmadı, xeyiri o oldu ki, otağa çıxanda gördüm nəfəsim kəsildi. Nə qədər edirəm nəfəs ala bilmirəm.
Dostlar yığışdı başıma. Zakiri söyürəm ki, ə, görmürsən ölürəm, qoyma. Vallah, ölsəm dədəm səni gülləylə vuracaq. Nə isə, həkim çağırası oldular. Həkim gəldi, nəbzimi yoxladı, day nə bilim nəyi yoxladı və soruşdu ki, bu nədən belə olub?
Zakir dedi ki, 200-300 qram rakını susuz içib, sonra da otelə qayıdanda üstündən də iki litr su.
Həkim başını bulayıb:
- Arkadaş, day denən bu iki litr rakı içib ki? Su bədənində rakı ilə reaksiyaya girib. Mən buna heç nə edə bilmərəm. Burda həkimlik bir şey yoxdu, ya öləcək, ya qalacaq. Mən də çığırıram ki, Zakir, həkimi buraxmayın.
Birdən həkim soruşdu ki, rus vodkanız var? Dedilər, var. Dedi, gətirin bir yüz qram buna içirdin. Mən də çığırıram ki, içə bilmərəm. Həkim dedi ki, burnunu tutun, məcbur içirdin. Beləliklə, zorla mənə rus vodkası içirtdilər. On dəqiqə sonra nəfəsim açıldı, özümə gələ bildim, yerimdən qalxıb oturdum. Əhvalım düzəlmişdi. Zakir də qayıtdı ki, düz deyirlər, pazı pazla çıxararlar.
O gündən rakıya nifrət edirəm. Hətta butılkasını görəndə allergiyam tutur. Bunu Türkiyədəki dostlarım da bilir, məni qonaq aparanda rakı içmirlər. Qəşəng də ad qoyublar: «Aslan südü».
Bakıya dönən kimi barımda nə qədər «Aslan südü» vardı ikinci mərtəbənin pəncərəsindən hamısını atdım çölə.
Və beləliklə, dolmanı üç gün ürəyimdən keçsə də vodkasız yeyəsi oldum. Heç demə, vodkasız daha dadlı olurmuş.
Xəstəxana ilə qaldığımız otelin arası təxminən kilometr yarım yol idi. Hər səhər saat 9-da piyada düşürdük yolun ağına. Və bizi hər səhər bu yolda yarımçıq bir villanın həyətində bahalı bir it qarşılayırdı. Bizi görən kimi də özünü cırırdı, az qalırdı zəncirini qopara. Gülüb deyirdim:
- Ay qancıq oğlu, qancıq neçə gündü bizi tanımadınmı?
Xeyiri yox idi. Məhlə qurtarana qədər hürürdü. Onunla qonşu villada iki dənə eşşək boyda it vardı. Türklər bu itləri Qanqal adlandırırlar. Avşarların qoyun itindən də böyük. Avşarlar belə itlərə «ikimərtəbəli it» deyir. Həmin ikimərtəbəli itlər bizi heç veclərinə də almırdılar, elə gözləri ilə müşayiət edirdilər. Hərdən də o qancıq oğlu qancığa mırıldanırdılar ki, səsini kəs. Bu hal xəstəxanadan dönəndə də baş verirdi. Xanımıma deyirdim ki, bəlkə səhər gələndə buna sucuqdan-mucuqdan gətirib ataq, zəhləmizi tökməsin. Gətirib atdıq da, xeyiri olmadı, heç yemədi. Deyəsən sahibi bunu öyrətmişdi ki, yad adamın verdiyi heç nəyi yemə. Amma adamlar var ki, yad adamlar nə versə gözlərinə təpirlər.
(Ardı olacaq)