Həm qiyməti, həm də keyfiyyəti azalır: Bitki yağları ilə bağlı ƏSL MƏNZƏRƏ

2023-cü ilin 10 ayı ərzində Azərbaycanda şirkətlər xaricdən xam günəbaxan yağının bir tonunu ortalama 1 587 dollara aldıqları halda, cari ildə bu rəqəm 43 faiz azalaraq 910 dollara düşüb.

Bizim.media xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub.

Statistika nəyi göstərir?

Sənəddə, eyni vəziyyətin xam qarğıdalı yağında da müşahidə edildiyi diqqətə çatdırılır. Belə ki, Azərbaycana xam qarğıdalı yağının bir tonu 2022-ci ilin ilk üç rübündə orta hesabla 1 586 dollara idxal edildiyi halda, bu rəqəm cari ildə orta hesabla 1 501 dollar təşkil edib. Bu, illik müqayisədə 5 faiz ucuzlaşma deməkdir.

Bundan əlavə, yerli istehsal olan bitki yağlarının pərakəndə satış qiymətlərində də azalma müşahidə olunur. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 5,55 manata satılan günəbaxan yağının qiyməti, cari ilin müvafiq dövrünə 4,37 manata qədər 21 faizlik azalma yaşayıb.

Qarğıdalı yağının qiyməti isə 11% aşağı düşüb. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 6,75 manat olduğu halda, 2023-cü ilin eyni dövründə 5,99 manata düşüb.

Bəs əsl reallıq?

Qeyd olunanlar rəsmi statistik məlumatlardır. Bəlli olduğu kimi, adıçəkilən bitkilərin ölkədə əkin sahələri çox azdır ki, bu da istehsala, yağ şəklində emala, satışa və keyfiyyətə ciddi təsir edir. Məlumdur ki, bu gün ölkə daxilində istehsal olunan qarğıdalı, günəbaxan və digər bitki yağlarının qiyməti həm baha, həm də keyfiyyət baxımından çox zəifdir. Bunlardan bir dəfə alan istehlakçı növbəti dəfə başqa yağ məhsulu almağa üstünlük verir.

“Azərbaycanda günəbaxan və qarğıdalı tarlaları çox azdır”

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli, günəbaxan yağlarının bahalaşmasının əsasən iri market şəbəkələrində müşahidə olunduğunu diqqətə çatdırıb:

 

 

“Qarğıdalı yağı isə cüzi, yəni 5 faiz ucuzlaşıb, amma biz bunu hiss edə bilmərik. Hətta sahibkar bunu özündə saxlaya bilər. Ona görə ki, inflyasiyadan təsirlənən sahibkarın da xərcləri artıb. Eyni zamanda, Azərbaycanda bu məhsulların sadəcə qablaşdırılması həyata keçirilir. Bu məhsullar ölkəyə sisternlərlə gətirilir və şirkətlər tərəfindən qablaşdırılır, daxili bazara təqdim olunur.

Bu onunla bağlıdır ki, günəbaxan və qarğıdalı tarlaları yoxdur, olsa da azdır. Onların əvəzinə taxıl məhsulları əkilir. Digər tərəfdən özümüz əksək də, bu, məhsulları ucuz hasil edəcəyimiz və satacağımız anlamına gəlməməlidir”.

“Əgər bir vətəndaş keyfiyyətli məhsul almaq istəyirsə…”

Qida təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova isə, bütün məhsullarda olduğu kimi, bitki yağlarında da qiymətin hər zaman keyfiyyət göstəricisi olmadığını diqqətə çatdırıb:

“Ola bilsin ki, xammal şəklində ucuz başa gəldiyi üçün satışı da sərfəlidir. Yaxud da bəzi bitkilərin əkinçiliyi hansısa ölkədə olduğu üçün xammalını da ucuz əldə edirlər. Bu da məhsulun istehsalında və qiymətində fərqləri yarada bilər. Rusiya-Ukrayna müharibəsindən əvvəl malların sərhəddən keçirilməsi daha rahat idi.

Müharibənin kəskin dövründə isə bu kimi qidaların ölkəyə gətirilməsi xeyli məhdudlaşdırıldığı üçün qiymətlər artmışdı. Sərhədlər qismən açıldıqdan və buna görə məhsulların rahat gətirilməsi də təmin olunub. Bu qiymətlərin sabitləşməsinə dəstək verə bilər”.

Onun sözlərinə görə, xammalın ucuzlaşması, istehsal olunan məhsulun keyfiyyətsiz olduğu anlamına gəlməməlidir:

“Əgər bir vətəndaş keyfiyyətli məhsul almaq istəyirsə, məhsulun arxa hissəsindəki həm keyfiyyəti, həm də istehsalçı şirkət haqqında bütün məlumatların olub-olmamasını yoxlamalıdır. Əgər yağ hər hansısa bir bitkiyə məxsusdursa, onun ən azı 70 faizini həmin bitki təşkil etməlidir. Əgər başqa yağlar, və ya həmin bitkinin dadlandırıcısından və ya aromatizatorundan istifadə olunubsa, bu, həmin yağın keyfiyyətsiz olduğunu göstərir. Bu baxımdan da mütləq yağın tərkibinə diqqət yetirmək lazımdır”.

0.23770308494568