Ankara vaxtı ilə... - İradə Tuncay yazır

Böyük  şəhərlərin səs-küylü küçələri. Uşaqlı -böyüklü insanlar hərəkətdədir. Həyat  var yəni. Hərəkət  varsa həyat var. Yaddaşımın qoruyub saxladığım  künclərində də həyat qalıb . Və gəzdikcə və  hərəkətə gətirdikcə yaddaş  mənə  hüceyrələrimin  canlı  olduğunu  deyir.  Vaxtı  xatırladır. Ankara  vaxtı  ilə saat... Neçədir,  heç  bilmirəm. Sadəcə,  gəzirəm  Kızılayda. İlk  gəlişim ötən  minilliyin 92-ci  ilinə  aid  idi. Telefon, internet- filan  yox  idi  o illərdə. Şəhər  yerindədi, insanların və  maşınların sayı  artıb. 92-ci  ildə  atamla  anam  da  gəlmişdilər buralara. İndi  onlar  yoxdu... İndi  Ankara çox adamın  həyatda qalması  üçün bir  yer  olub. Əbədi  qalan heç  nə  olmasa da vaxtı  artırmaq  üçün məkan.

Gəldiyimiz günün  axşamı  məmləkətdə  böyük, tarixi hadisə  baş  verir. Xəbərləri  izləyirəm... Sentyabr ayının  18-ci  günüdür. Əmir  Teymurun  generallarından  birinin adını  daşıyan  Esenboğa hava alanından Ankaraya  gəlmişik. Əmir  Teymurun  adı  buralarla  çox  bağlıdır. Ən  azından  Əmirlə  Yıldırım Beyazit  burda  savaşıblar. Osmanlı  tarixinin ağır  zamanlarına  səbəb  olub  bu  savaş...  Amma  indi  Ankarada  hər  addımda  Teymurun  nəsillərindən  gəlmə  adamlarla  çox  rastlaşmaq  olur. Ankara  imperiya  varisi  olan  ölkənin  paytaxtıdır. İmperiyalar  isə  zamansız  olurlar –  ya da  uzun  olur  zamanı. 

... İndi  ilıq  payız  günündə    gurlayan   şəhərin, “Gür Kent”  otelindən  Kızılay boyu addımlamaq...   Son  illər  hər  zaman  burda  məskunlaşırıq. Və  sonra  böyümüş  şəhərin, ətraflara  yayılmış  şəhərin ucqarlarında doktorlarımızla görüşəcəyik. Dostumuz  Yakup  Öməroğlu  eşlik  ediyor bizə. Keçən  dəfə  gələndə  də, indi  də  Yakup  bəy  və  ailəsi  bizimlə  birgədirlər.  Allah  razı  olsun...


***

-    Neden  geç  kaldınız?

Doktora  izahat  verirəm – çoxsaylı  səbəblərdən  danışıram. Təhlillər  götürülür,  iynə  vurulur  və  qərar  verilir –   nəticələr  ümidverici    görünür. İki  ay  burda  qalmalıyıq – tədavi  aralıksız  olmalıdı.  Aqil  deyinir, iki  ay  mən  burda  neyləyəcəm ???  Sakit  qulaq  asıram  hər  kəsə və  "əlbəttə,  qalacağıq" deyirəm.  İndi  qalacağımız  yeri  müəyyən  etmək  lazımdı. Ankara  vaxtı  ilə   məkanı da  müəyyən  etmək . 

***

Yaxınlıqdadır məkanımız. Hər  gün  hastanəyə  gedib-gələcəyik  burdan. Hər  gün  doktorlarla, həmşirələrlə, pasientlərlə, refakatçılarla  görüşəcəyimiz   yer.  İki mərtəbəli,  kiçik, xudmani  bir  butik oteldə qalırıq. Gündüzlər  hava  gözəldi, axşam  üşüyürük...  Üşümək həm  də  uzaqlıqdan   olur. Evdən, yurdumuzdan, ailəmizdən  uzaqlıq  üşüdür  bizi. Həm  də  mərkəzdən   çox  uzaqdı  məkanımız. Tədavi  saatlarından  sonrakı  vaxtı  necə ötürəcəyik? Həəə, qəriblikdə təklik  zor  oluyor (iki  dildə  düşünməyə  başlamışam  deyəsən ). Dostumuz,  yəni  Yakup  bəy  təklif  edir ki,  boş  zamanımız  olanda  şəhər  ətrafına çıxarıq . Həəə, bu  yaxşı  olar... Ankara  İstanbul  deyil ki, hər addımda  tarix  olsun. Amma  yenə  imperiya  paytaxtıdı. Keçmiş  olsa da. 

Ən  vacib məsələlərdən biri də  gələn telefon  zənglərinə  cavab  verməkdi. Rouminqi  bağlı  saxlamağa  məcburuq –  üzləri  ağ  olsun,  elə qiymət  qoyublar ki,  telefonlara  cavab  versək  müalicə  parasını   ödəyə  bilmərik.  Ən  yaxşısı  internetin xidmətindən istifadə  etməkdi. Bir  halda ki,  bizi  nəzarətdə  saxlayırlar, o zaman  xidmət  göstərsələr  də  dünya  dağılmaz. Amma  insanlara  diqqət  göstərdiklərinə  görə də  cavab  verməmək  olmur. 

***

Ankara Türkiyə Cümhuriyyətinin paytaxtıdır. Gənc şəhərdi, İstanbul kimi hər daşından tarix fışqırmır. Yəni demək istədiyim Ankarada gəzməyə, görməyə yalnız məzar yerləri var... Bir də tarix adına Ankara qalası və cəza evləri... Cəza evləri də indi muzey olub... Klinika ilə qaldığımız evin arasında darıxmağa qoymur bizi dostumuz Yakup Öməroğlu. Müalicə arasında fasilə yarananda aparır bizi harasa. Şənbə günü yolumuzu Ulucan cəza evinə saldıq. Təbii ki, insanın hardasa qapanıb yaşaması (əgər buna yaşamaq demək olarsa) ağır mənzərədir. Tarixə  dönsə də ....

Sıxıntı  verir... Darısqal   yollar   və  düşüncələr…

Muzeydir indi bura . Qəribədir ki, həbsxana olsa da ziyarətçiləri çoxdur. Bilet alıb keçirlər içəri. Hətta uşaqlar da var ziyarətçilər arasında. Yəqin hələ həyatın belə üzünün də olmasını dərk edə bilmirlər. Darısqal aralıqlarla içəri dalırıq – həbsxana hücrələri ilə tanışlığımız başlayır. Türkiyə Cümhuriyyətinin 100 illik tarixi devrimlərlə zəngin tarixdir. Ənənəvi yeniçəri tarixi və ardıyca cümhuriyyət devrimləri. Atatürk zamanından 21-ci əsrin əvvəlinə qədər. 

Türkiyə  siyasi  tarixinə damğa vurmuş çox  isimlərin girib-çıxdığı cəza evi.... Və  tanıdığım  portretlər diqqətimi çəkir... Hilton sözünü  oxuyuram... Filmi  xatırlayıram – “Banqok   Hilton”… 

Ardı  var
 

 

 
 
0.034355878829956