Hansı “buluddan” töküldüyü bilinməyən “ÖDÜL YAĞIŞI”: Ginekoloqlar mediaya necə “calaq” olunur? – FOTO/VİDEO

Bakıda Türkiyənin media qurumu adından istifadə olunaraq təşkil olunan “mükafatlandırma mərasimi” keçirilib.

 

BakuPress.Az Yenicag.az - a istinadən xəbər verir ki, noyabrın 2-si “Four Seasons” otelində baş tutan tədbirin Türkiyə Yerli Media Birliyinin (TYMB) həyata keçirdiyi “İki dövlət, bir millət” Uğur Mükafatı layihəsi çərçivəsində “Mirtalıblı Group”un təşkilatçılığı ilə gerçəkləşdirildiyi bəyan edilib.

“Mərasim”lə bağlı yayılan məlumatlara əsasən, tədbirdə nə az, nə çox, düz 60 nəfərə TYMB-nin “uğur mükafatı” təqdim olunub.

Amma bu rəqəm “mərasim”in mahiyyəti və mükafatlandırılan şəxslərin “uğur”u, ümumiyyətlə, onların mediaya nə qədər aidiyyatı olduğu haqda təsəvvür yaratmır. Bəhs olunan tədbirə yönəlik iddialara görə, həmin 60 nəfərdən ən azı 50-si estetik həkim, ginekoloq, dəri-zöhrəvi həkimi, stomatoloq və başqa sahədə çalışanlardır.

Yaxşı, o zaman bu şəxslərin hansı “uğur”u Türkiyənin media qurumunu onları mükafatlandırmağa qərar verəcək qədər cəlb edib? Bu sualın da konkret cavabı var. İddialara görə, tibbin fərqli sahələrində işləyən o “laureat”lar həmin mükafatı almaq üçün təşkilatçılara 400 dollar veriblər. Yaxud da, ola bilsin, təşkilatçılar sözügedən “mükafat”ı “qalib”lərə o qiymətə sırıyıblar.

Lakin “mərasim”in ən ilginc tərəfi budur ki, haqqında danışılan layihənin müəllifi olduğu deyilən Türkiyə Yerli Media Birliyinin (TYMB) rəsmi saytında sosial şəbəkə hesablarında bu barədə heç bir məlumat yoxdur. Eyni zamanda, TYMB sədrinin özünün də sosial şəbəkə hesablarında Bakıdakı tədbirlə əlaqədar bir cümləlik qeyd də yoxdur.

Təsəvvür edin, şəxsin rəhbərlik etdiyi qurum başqa bir ölkədə tədbir keçirərək 60 nəfərə “ödül” paylayır, amma onun özü nə o “mərasim”də iştirak edir, nə də bu barədə heç bir informasiya yayımlamır. Yeri gəlmişkən, TYMB sədri sosial mediada yetərincə aktivdir və davamlı paylaşımlar edir, hətta özünün məktəb illərinə aid görüntülərini də həvəslə yayımlayır.

Sizcə, hər hansı bir qurum xarici ölkədə gerçəkləşdirilən layihəsinə bu qədər laqeyd olaraq, o haqda heç bir məlumat paylaşmazmı? Axı bu həm də onun imic-nüfuz məsələsidir. Qətiyyən inandırıcı deyil. O halda ağla gələn ilk ehtimal və iddia budur ki, “mərasim”in təşkilatçılığını üzərinə götürdüyünü bildirən “Mirtalıblı Group” TYMB adından beynəlxalq səviyyədə dələduzluğa yol verib. Təbii, publikanı bunun belə olmadığına inandırmaq imkanı adıçəkilən qrupa məxsusdur. Əgər fakt və arqumentləri varsa…

 
 
 
 
 
 
 
 
 
 
0.038683176040649