Şəfəq Ağacan:"Əzəmətli qartal xain və miskin hiyləgərin cəzasını verib öz uğurlu zəfərinə qovuşdu!"

Azərbaycan xalqı sevinc içindədir. Biz müharibənin davam etdiyi 44 gündə də, qələbənin elan olunmasından keçən 3 il ərzində də xalqımızın, ordumuzun nə qədər birlik içində olduğunun, necə qüdrətli, mərd xalq olduğumuzun şahidi olduq. Biz bu qələbəni asan qazanmadıq, Ali Baş Komandanımız İlham Əliyev cənablarının düzgün strategiyası ilə qüdrətli sərkərdəliyi vasitəsilə, gözü yaşlı şəhid analarının, gəncikən Vətəni uğrunda igidliklə vuruşub canından keçən qorxmaz, cəsarətli, hər biri bir qəhrəmanlıq salnaməsi olan igid əsgərlərimizin məğlubedilməz gücü ilə, terror qurbanlarının qanı bahasına çaldıq bu qələbəni.
Qələbə xəbərini aldığımız gecə, sevindiyindən öz möhtəşəm, yeri-göyü lərzəyə gətirən uğultusu ilə Vətən səmalarını sarmış 10 milyonluq Azərbaycan xalqının kiçik bir zərrəsi olan mənim də yadıma maraqlı bir təmsil düşdü. Sözün düzü, torpaqlarımız işğal altında olan bu illər ərzində zaman-zaman bu hekayə ağlımın bir küncündə dolaşırdı. Bir gün, quşlar öz aralarında yığılıb özlərinə şah seçmək istəyirlər. Bu quşların arasında quşların şahı sayılan qartal və kiçik, varlığı belə bilinməyən cırt-cırt quşu da olur. Yarışın şərtinə görə, ən yüksəyə uça bilən quş, quşların padşahı hesab olunacaqdı. Bəli, vaxt gəlir, işarə verilir, quşlar uçub öz hünərlərini göstərməyə başlayırlar. Təbii ki, öz möhtəşəm əzəməti ilə ən hündürə qalxan quş qartal olur. Artıq nəticənin elan olunacağı ərəfədə bütün quşlar heyrət içərisində yuxarı baxırlar. Qartalın qanadlarının altında gizlənmiş kiçik cırt-cırt quşu çıxaraq qartaldan bircə metr yüksəyə uçur. Bu kiçik quşun bu namərdliyinə, bu kələkbazlığına heyrətlənən quşlar məcbur onu padşah seçirlər, amma kiçik müddət sonra yarışı yenidən təşkil edib, qartalı padşah seçirlər və cırt-cırt quşuna da layiqli cəzanı verirlər.
Bu əhvalat mənə Ermənistan-Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsini xatırladırdı. Azərbaycan təbii ki, möhtəşəm qartal idi. Ermənistan isə o qartalın qanadları arasında hiylə ilə, yalanla gizlənmiş bir zərbəyə əzilən cırt-cırt quşu. Və budur, əzəmətli qartal xain və miskin hiyləgərin cəzasını verib öz uğurlu zəfərinə qovuşdu
Şair Fikrət Qoca demiş,
Zəfər çaldıq, öc aldıq,
Müqəddəs bayrağımız
Asimana ucaldı.
Bəli, çox şükür, 30 ildən sonra hər birimiz bu günü bütöv Qarabağımızda,200 il sonra Xankəndimizdə qələbə sevincini doya-doya yaşayırıq. Azərbaycan Dövləti öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarını işğaldan azad etdi. Dinimizdə də deyildiyi kimi, səbr edən zəfər çalar, biz səbr etdik. Ümid etdik. Bir an belə səbrimiz tükənmədi, ümidimizi üzmədik. Öz rəhbərimizə inandıq, onun güclü siyasətinə, düzgün qərar verəcəyinə, bizi Qarabağa qovuşduracağına inandıq və birlik olduq, həmrəy olduq və budur Zəfər çaldıq!
Qələbən mübarək Ali Baş Komandan! Qələbən mübarək, Azərbaycan xalqı! Qələbən mübarək, Azərbaycan əsgəri! Qələbən mübarək, Şəhadətin mübarək, and yerimiz olan şəhidim! Möhtəşəm Zəfərin mübarək, Azərbaycan!!!

Şəfəq Ağacan

0.066520929336548