Həftəlik bürclər 6 NOYABR – 12 NOYABR

QOÇ bürcü

Bu həftə Qoçlar virtual həyata son qoymalıdırlar: insanların arasında çox olun və inanın ki, bəxtiniz açılacaq. Həftəiçi sizi şoka salacaq xəbər alacaqsınız, həmin xəbəri isə sizə ən yaxın dostunuz deyəcək. Bu, bəlkə də, həyatınızdakı ən sevincli xəbər olacaq. Ulduzlar işsiz olanlara 1000+ manat maaşlı iş vəd edir, lakin buna yalnız bürcün çalışqan nümayəndələri nail olacaqlar. İctimai nəqliyyatda əks cinslə dalaşa bilərsiniz: həmin şəxs sizin gələcək sevgiliniz ola bilər. Uğurlu günləriniz 7, 10 noyabr, uğursuz gününüz isə 6 noyabrdır.

BUĞA bürcü

Həftənin əvvəlində bəy balası kimi yaşayacaqsınız: maddi durumunuz xeyli yüksələcək. Həftənin ikinci yarısında eviniz qonaqlarla dolacaq: bu, xeyir işlə əlaqəli ola bilər və ya siz birdən varlanacaqsınız və çoxdandır sizi axtarmayanlar başınıza dolaşacaqlar. Ümumiyyətlə, bu ərəfələr çox bərəkətli olacaq: iş axtaranlar arzularına çatacaqlar, işi olanlar isə karyerada bir addım da yüksələcəklər. Subay Buğalar sevgi axtarışına çıxmalıdırlar: bəyəndiyiniz biri varsa, onu qarmağınıza keçirin. Uğurlu günləriniz 6, 7 noyabrdır, uğursuz gününüz isə gözlənilmir.

ƏKİZLƏR bürcü

Bu həftə sizi uğurlu günlər gözləyir: ulduzların ən sevimli bürcü siz seçilmisiniz. Maaş artımı və ya pul mükafatı almaq şansı çox yüksəkdir. Çoxdandır qurduğunuz planların həyata keçməsində gecikmələr ola bilər, lakin əsas odur ki, sonda məqsədinizə çatacaqsınız. Ola bilsin ki, şəxsi həyatınızda müsbət tərəfə doğru köklü dəyişikliklər baş verəcək. Sağlamlığınıza fikir verin: çalışın, qısamüddətli də olsa, pəhriz saxlayın. Həftəsonu kiçik sürprizə hazır olun. Uğurlu günləriniz 10, 12 noyabr, uğursuz gününüz isə 8 noyabrdır.

XƏRÇƏNG bürcü

Həftənin ilk yarısında diqqətinizi ev işlərinə yönəldin və özünüzə daha çox vaxt ayırın. Axşamları ya evdə, ya da çox yaxın dostların əhatəsində keçirməyə üstünlük verin. Perspektivli dövr başlayır: bu dövr karyera yüksəlişi ilə yadda qalacaq. Ayın sonuna qədər bütün işlərinizi planlı şəkildə görməyə çalışın, yoxsa siz böhtan və ya, hətta xəyanətlə üzləşə bilərsiniz. Xərçənglər əks cinsə onları sevdiyini bir daha sübut etməlidirlər; aranızda soyuqluğun yaranmasına imkan verməyin. Uğurlu günləriniz 9, 11 noyabr, uğursuz gününüz isə 6 noyabrdır.

ŞİR bürcü

Bu həftə yaxın bildiyiniz əks cins nümayəndəsi olan bir dostla münasibətiniz daha ciddi bir şeyə çevrilə bilər. Dostluq münasibətlərinə “yox” deyib sevgi yaşamağa hazırsınız? Qərar verməlisiniz. Həftəsonu gözlənilməz qərarlar qəbul edəcəksiniz: bu, iş dəyişmək, səyahətə çıxmaq, ölkəni tərk etmək, hətta münasibətə son qoymaq kimi vacib məsələlər ola bilər. Diqqətli olun: sizə yaxın olan, lakin sizə zərbə vurmaq istəyən biri var. Uğurlu günləriniz 7, 12, noyabr, uğursuz gününüz isə 10 noyabrdır.

QIZ bürcü

Bu həftə Qız bürcü birdən-birə sevgi çatışmazlığı hiss edəcək. Lakin bu, sizin günahınız ola bilər: sizi sevənlərə olduqca az vaxt ayırdığınız üçün onlar da sizə qarşı soyuyurlar. Lakin sevgidə bəxtiniz gətirməsə də, maddi durumda gətirəcək: gözləmədiyiniz yerdən iş təklifi alacaqsınız və çox uğurlu iş birliyi quracaqsınız. Xarizmatik olan Qız hər kəsin ürəyini ala bilir: ona, hətta əsəbiləşmək də olmur, çünki bir təbəssümü ilə hirsi unutdurur. Bu üsulu bu həftə işlədin, çünki müdiriyyətlə kiçik anlaşılmazlıq yarana bilər. Uğurlu günləriniz 8, 9 noyabr, uğursuz gününüz isə 11 noyabrdır.

TƏRƏZİ bürcü

Həftənin əvvəlində Tərəzilər emosional böhran yaşaya bilərlər: yalnızlıq, güvənsizlik hissi, həyatın maraqsız və mənasız keçdiyi fikri yarana bilər. Bu səhv düşüncələri ağlınızdan atın: sizi gözəl günlər, macəralarla dolu hadisələr, yeni tanışlıqlar və daha nələr gözləyir. Arzu etdiyiniz işi əldə etmək üçün səy göstərməlisiz: sizə uyğun çox iş var, amma sizin tənbəlliyiniz onu tapmağa imkan vermir. Allah deyir: “Səndən hərəkət, məndən bərəkət”. Buradan nəticə çıxara bilərik ki, Allah boş-boş oturanları sevmir, onlara bərəkət göndərmir. Odur ki, bərəkət istəyirsənsə, ayağa qalx və bir işin qulpundan yapışmağa çalış. Uğurlu günləriniz 7, 12 noyabr, uğursuz gününüz isə 10 noyabrdır.

ƏQRƏB bürcü

Bu həftə Əqrəblər seçim qarşısında qalacaqlar: ya karyera, ya da şəxsi həyat. Düzgün seçim etmək üçün vaxtınız az olacaq, lakin altıncı hissinizə güvənsəniz, seçiminizdə yanılmayacaqsınız. Həftənin əvvəlində həssas olacaqsınız və hər kəs sizi əsəbiləşdirəcək. Lakin həftənin ortasında hər şey dəyişəcək: eşidəcəyiniz xoş xəbərlər sizi emosional böhrandan çıxaracaq. Sevgilisi olanları romantik ab-hava gözləyir: xoşbəxt anlar yaşayacaqsınız, hətta ola bilsin ki, evlilik təklifi alacaqsınız. Uğurlu günləriniz 6, 9 noyabr, uğursuz gününüz isə 11 noyabrdır.

OXATAN bürcü

Bu həftə çox məsələdə “gözünüz açılacaq”: ikiüzlü insanlar, paxıllar, əsl dostlar və düşmənlər üzə çıxacaqlar. Tənha Oxatanlar çılğın və atəşli bir həftə keçirəcəklər: yeni tanışlıqlar sizi darıxmağa qoymayacaq. Gəzərkən yerə baxın: pul tapmaq şansınız olacaq. Narahat olmayın, ürəklə xərcləyin, çünki həyat sizi belə mükafatlandırır. Həftəsonu səs-küydən uzaq olmağa çalışın: stresdən azad olmasanız, sağlamlığınızda problemlər yarana bilər. Uğurlu günləriniz 10, 12 noyabr, uğursuz gününüz isə 6 noyabrdır.

OĞLAQ bürcü

Bu dövrdə heç kim sultan deyil, hökmdar deyil, padişah deyil, lakin bu sözlər sizə aid deyil, çünki siz elə əsl şah həyatını yaşayacaqsınız! Bürclər arasında ən ağıllılardan birisiniz: hansı işə əl atsanız, mütləq uğurlu alınacaq! Həftənin ortasında yeni faydalı tanışlıqlar olacaq: həmin insanlar gələcəkdə sizin həyatınızda böyük rol oynayacaqlar. Sevgilinizlə problem yaşana bilər: sizin boş-boşuna qısqanclığınız münasibətlərinizin sonuna gətirib çıxaracaq. Uğurlu günləriniz 7, 8 noyabr, uğursuz gününüz isə 6 noyabrdır.

DOLÇA bürcü

Risk etmək – uçurumdan tullanmaq, qanadları isə uçuşda olarkən açmaq deməkdir. Bu həftə çoxdandır arzu etdiyiniz məsələni yerinə yetirin, özünüzə güvənin, çünki həftə imkanlarla dolu olacaq. Dolçanı gizli sevən bir insan üzə çıxacaq: siz ona fikir verməsəniz də, o, sizi hər zaman sevib, düşünüb və ağır gündə yanınızda olub. Sadəcə sizə öz hisslərini etiraf etməyə cəsarəti olmayıb. Küsülü olduğunuz insanla barışmaq məsləhət görülür: ona bir daha şans verin. Uğurlu günləriniz 10, 12 noyabrdır, uğursuz gününüz isə gözlənilmir.

BALIQLAR bürcü

Səyahətə çıxmaq istəyən Balıqları xoş sürprizlər gözləyir: yeni tanışlıq əldə edəcəksiniz və o insan sizin həyatınızı alt-üst edəcək. İşdə problemlər ola bilər: sizi əsəbiləşdirən bir çox məqamlar olacaq: təmkinli olun, hər şey yerinə düşəcək. Həftəsonu bir çox məsələlərdə cəsarət tələb olacaq: qorxaq olmayın, hətta risklərə gedin. Həftəsonuna kimi var gücünüzlə çalışın, çünki mütləq bunun bəhrəsini görəcəksiniz: karyera yüksəlişi və ya maddi bonuslar gözlənilir. Uğurlu günləriniz 6, 8 noyabr, uğursuz gününüz isə 11 noyabrdır.

0.035181999206543