Həkimlər qadının beynindən soxulcan çıxardılar: Həm pasiyent, həm də qurd sağdır - VİDEO

Tibbdə ilk dəfə görülən bir hadisə baş verib: Həkimlər qadının beynindən “ophidascaris robertsi” kimi tanınan qurd çıxarıblar.

Bildirilir ki, mədəsində ağrılar hiss etməyə başlayan xəstənin ilk əlamətləri həftələrlə qarın ağrısı və ishal olub. Sonra gecə tərləmələri və quru öskürək başlayıb. Həkimlərin müayinəsi zamanı qadının ağciyər, qaraciyər və dalağında zədələnmiş toxumalar aşkar ediblər. Bu səbəbdən infeksiya, bakteriya və göbələklər üçün testlər götürülsə də, bütün cavablar mənfi çıxıb.

Üç həftə sonra qadın qızdırma və öskürəklə yenidən xəstəxanaya yerləşdirilib. Həkimlər kompüter tomoqrafiyası keçiriblər. Skanerləmə zamanı ağciyərdə zədələnmiş nöqtələrdə hərəkət aşkar edilib. Ancaq tibb işçiləri yenə diaqnoz qoya bilməyiblər.

Aylar sonra qadında unutqanlıq və depressiya başlayıb. Bundan sonra həkimlər qadını Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçiriblər. Nəticədə qadının beyninin sağ frontal hissəsində qəribə izlər görülüb.

Avstraliya Milli Universiteti və Kanberra Xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi həkim Sanjaya Senanayake əvvəlcə bunun xərçəng ola biləcəyini düşünüb. O, bu məqsədlə qadının beynindən toxuma parça götürüb. Prosedur zamanı beynində ipə bənzər şübhəli cisim müşahidə edilib. Pinsetlə çıxarılan “ip”in əslində canlı olduğu görünüb. Uzunluğu təxminən karandaşın yarısı qədər olan çəhrayı-qırmızı qurd qıvrılıb.

 

 

 

Beləliklə qadının həyatını cəhənnəmə çevirən çisimin “ophidascaris robertsi” olduğu ortaya çıxıb.

Diaqnoz qoyulandan sonra müalicə tətbiq edilib və qadın parazitar dərmanlarla sağlamlığına qovuşub. Onun simptomları da yox olub.

Qeyd edək ki, əslində ilanlarda görülən bu qurd ilk dəfə insanda müşahidə edilib. Dr. Senanayake vəhşi heyvan və insan populyasiyaları arasında qarşılıqlı əlaqənin artması ilə belə qeyri-adi infeksiyaların artmağa başladığını deyib.

Mənbə: Haber Global

0.034303188323975