Efirlərimizdəki biabırçılığın günahkarı kimdir?

BakuPress.Az  Ülvi Bahadırın "Qara dəlik" adlı yeni yazısını təqdim edir.

Şübhəsiz, Azərbaycan televiziyası çöküş dövrünü yaşayır.

 

Az qala, verilişlərin hamısı sosial şəbəkələrdə lağ obyektinə çevrilir.

Haqlı olaraq...

Gah robota “Vağzalı” çaldırırlar, gah belinə qımızı lent bağlayırlar, gah da... tullanıb-düşürlər.

Bəli, məhz tullanıb-düşürlər.

Rəqs eləsə idilər, bu yazını yazmazdım.

Başqa şey deyirəm.

Deməli, telekanalları səhərdən-axşamacan söyürsünüz, sözüm yox.

Düzdü, evdə televizor yoxdur, ancaq gündə bir video çıxır. Görürəm ki, haqlısınız.

 

Məsələn, deyirlər ki, bu, məqsədlidir. Qara qüvvələr bizim inkişaf eləməyimizi istəmirlər. Qəsdən belə verilişlər hazırlanır.

Yaxşı. Mən razı.

Bəs, sosial şəbəkələr necə olsun?

Onlar niyə bu gündədir?

Oradakılar kimdir?

Oradakılara baxanlar kimdir?

Tiktokda canlısına milyonların axışdığı adamlar kimdir?

Onların cibini dolduranlar kimdir?

Yutubda ən çox baxılan kanallar meyxana kanalları deyilmi?

Ən çox qulaq asılanlar Damla, Üzeyir, Vəfa, Nəfəs deyilmi?

Efirlərdə cəh-cəh vuranları, tullanıb-düşənləri kanallara siz çıxarmısınız.

Bəli, siz.

Kanallar sosial mediaya işləyir.

Baxırlar, orada kim populyardı, çıxarırlar efirə. Siz də söyürsünüz.

Sosial mediada necə məşhur olurlar?

 

Sizin sayənizdə.

Adam səhərdən-axşamacan feysbukda tiktok videoları paylaşır, sonra gəlib yazır ki, tiktok bağlanmalıdır.

- Niyə, ay dayı, ay xala?

Bəs niyə paylaşırsan o videoları?

İnsanların intim görüntülərini həftələrlə müzakirə eləyirsiniz, guya məzələnirsiniz, ta corabınacan, - sonra da efirdə tullanıb-düşən görəndə əsəbiləşirsiniz, mirzəcəllilik eşqinə düşürsünüz.

Hə, bir də deyirlər ki, maarifçi verilişlər yoxdur.

Birincisi, var. İTV-də, Mədəniyyət TV-də kifayət qədər maraqlı, informativ verilişlər var.

Hə, Mədəniyyət TV-nin verilişlərinin çoxu quru olur, interaktiv olmur, standartdır. Ancaq elə, ya da belə, var.

Baxırsınız?

Yox!

Hamısı yutuba yerləşdirilir.

Orada baxırsınız?

Yox!

Məsələn, İTV-də “İyirminci yüz il” verilişi var.

Kifayət qədər maraqlı, informativ verilişdir. Uzun da deyil. Qısa vaxtda xeyli məlumat verir.

Bir neçə belə nümunə göstərmək olar.

Heç birinizin baxmadığı nümunələr...

 

Televizordan bərk-bərk yapışan, oradan nələrsə gözləyən, hansısa verilişlərlə müdrikləşəcəyini düşünən ölkələrin çoxu geridəqalmış, elmin, texnologiyanın belinə qırmızı lent bağlayıb eşşəyə mindirən ölkələrdir.

qırmızı lent bağlayıb eşşəyə mindirən ölkələrdir.

Dünya bu mərhələni çoxdan keçib.

İndi televizor eləcə suvenirdir.

Siz niyə bu “qutu”ya bu qədər köklənmisiniz?

Nə məcburdu?

Niyə bu “qutu”dan nəsə gözləyirsiniz?

Nə verirlər versinlər də. Bunu niyə günlərlə müzakirə eləyirsiniz?

Baxırsan ki, 20-25 yaşı var, Elgizin verilişindən video paylaşıb axundov-axundov danışır.

Niyə də?

Yaşına heyfin gəlmir?

Niyə bu beş günlük ömürü belə mənasız şeylərə sərf eləyirsən?

Doğrudan, elə bilirsən ki, TV-də səhərdən-axşamacan “Zərif dəqiqlər” tipli verilişlər versələr, zərif olacağıq?

İnanırsan da buna?

İqnor elə getsin də. Qabağına çıxanda da baxma, keç üstündən.

Ümumiyyətlə, o “qutu”nu və “qutu”dakıları həyatından yerli-dibli çıxar.

Sən də...

Sən də...

Sən də...

Fərd və xalqın səviyyəsi müzakirə və müqayisə etdikləri ilə ölçülür.

Müzakirələrimizi və müqayisələrimizi dəyişək.

Adam kimi yaşamaq istəyiriksə...

Kulis.az

0.037182807922363