Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.
BakuPress.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırıb ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı əmlak müsadirəsi hissəsində əsassızdır, qanunun tələblərinə cavab vermir.
Belə ki, birinci instansiya məhkəməsi hökmlə xüsusi müsadirə olunan əmlakların, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxalıyev küçəsi, ev 20, mənzil 141-in Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin hansı bəndində nəzərdə tutulan əmlaklara aid olduğunu müəyyən etməyib və qiymət verməyib, apellyasiya instansiyası da onun mövqeyi ilə razılaşıb.
“Apellyasiya məhkəməsi şikayətini təmin etməməsini onunla əsaslandırıb ki, cinayət əməllərini törədildiyi dövr 2012-ci ilin yanvar ayından 2020-ci ilin aprel ayına kimi olan dövrü əhatə edir. Qeyd olunan mənzil də 2012-ci ildə alınıb. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Mahir Quliyevin barəsində 19 dekabr 2022-ci il tarixli qərarını xüsusi müsadirəyə aid hissədə dəyişdirməklə birgə paylı mülkiyyətində olan 141 saylı mənzili xüsusi müsadirə edilən əmlakların siyahısından çıxarılması və həmin mənzil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik”, - deyə şikayətdə qeyd edilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin qərarının kassasiya şikayətinə əsasən, dəyişdirilmədən saxlanılmasını istəyib. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi də kassasiya şikayətinin təmin edilməməsini xahiş edib. Ali Məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və bir avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.