İcra Hakimiyyəti Gəncədə küçəyə atılan azyaşlılarla bağlı məlumat yayıb - YENİLƏNİB + FOTO/VİDEO

Nənələri tərəfindən tərk edilmiş körpələr Gəncə Şəhər İcra Hakimiyyətinin nəzarətinə götürülüblər”.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilib:

“21 Oktyabr 2023-cü il tarixində səhər saatlarında Gəncə şəhərində yaşayan Mehriban Ramiz qızı Cəlilova qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İcra Hakimiyyəti əməkdaşlarına verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.

Uşaqların anası İlahə Natiq qızı Cəlilovanın narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı onlayn məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.

Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi istiqamətində iş gedir.

Hər iki uşaq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq nəzarətdə saxlanılır. Uşaqlar xəstəxanaya yerləşdirildikdən sonra bir neçə dəfə onlara baş çəkilib, xəstəxananın rəhbərliyi və həkimlərin iştirakı ilə sağlamlıq vəziyyətləri yoxlanılıb. Hər iki uşağın sağlamlıq vəziyyəti normaldır. Onlar Sosial Xidmətlər Agentliyinin müvafiq qərarına əsasən 26 oktyabr 2023-cü ilə təcili tibbi yardım maşını ilə xüsusi olaraq ayrılmış tibb işçisinin iştirakı ilə Bakı şəhərində yerləşən körpələr evinə göndəriləcəklər”.

11:33

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Gəncə şəhərində küçəyə atılan körpələrlə bağlı açıqlama verib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu BakuPress.Az-ın sorğusuna cavab olaraq bildirib ki, komitə uşaqların küçəyə atılması ilə bağlı araşdırma aparır:

“Artıq aidiyyəti dövlət qurumları da məsələni nəzarətə götürüb. Nənə ilə əlaqə saxlanılıb. O bildirib ki, uşaqların anası tüfeyli həyat tərzi keçirir və qəyyumluqdan imtina edib. Hazırda uşaqlar xəstəxanadadırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib.

Ailənin yaşadığı evə baxış keçirilib, ananın tüfeyli həyat tərzi keçirdiyi təsdiq edilib. Dörd aylıq körpə Bakıda yerləşən körpələr evinə, iki yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov isə BakuPress.Az-a bildirib ki, sözügedən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və digər aidiyyəti qurumların iştirakı ilə azyaşlılara baxış keçirilərək müvafiq xəstəxanaya yerləşdirilib:

“Hazırda araşdırmalar davam etdirilir”.

0:37

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində küçəyə atılan körpələrin səhhəti barədə açıqlama verib.

TƏBİB-dən BakuPressAz-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə iki uşaq - iki yaşlı oğlan və dörd aylıq bacısı gətirilib:

 

 

“Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya Şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir”.

09:33

Gəncə şəhərində küçəyə atılan körpələrlə bağlı bəzi detallar bilinib.

BakuPress.Az--ın əldə etdiyi məlumata görə, üç yaşlı oğlan və dörd aylıq körpə qız uşağı Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına atılıblar.

Həmin uşaqları qəyyumu olduğu nənələri küçəyə atıb.

Uşaqların valideynlərinin hər ikisi tüfeyli həyat tərzi keçirir.

Körpələr Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər.

09:06

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqlar bacı və qardaşdırlar.

Uşaqlardan biri 4 aylıq körpə qızdır.

Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətiriliblər.

 

 
0.038960933685303