Dövlət ittihamçısı Müqəddəs Sultanov Vaqif Xaçatryana suallar ünvanlayıb.
Xaçatryan bildirib ki, İkinci Qarabağ müharibəsində Badara kəndinin 220 sakini ərazini tərk edib.
BakuPress.Az bildirir ki, bundan sonra məhkəmənin bugünkü iclası işini yekunlaşdırıb.
Növbəti məhkəmə iclası noyabrın 1-nə təyin edilib.
Daha çox foto burada: PhotoStock.az
12:22
“Vaqif Xaçatryan Meşəli kəndinə hücumda iştirak edib. Həmin zaman Vaqif ailəli idi”.
BakuPress.Az--ın məlumatına əsasən, bunu Vaqif Xaçatryanın cinayət işi üzrə zərərçəkmiş Firuzə Mehralıyeva ifadəsində bildirib.
Qeyd edək ki, Firuzə Mehralıyevanın ifadəsini məhkəməyə sədrlik edən Zeynal Ağayev oxuyub.
Firuzə Mehralıyeva üzrlü səbəbdən məhkəmədə iştirak etməyib.
11:55
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
BakuPress.Az-ın məlumatına əsasən, məhkəmədə zərərçəkmiş şəxslərdən Elnarə Çərkəz qızı Mehralıyevanın ifadəsi oxunub.
Buna səbəb Elnarə Mehralıyevanın məhkəmədə üzrlü səbəblərdən iştirak etməməsidir.
Elnarə Mehralıyeva ifadəsində bildirib:
“Mən doğulandan Meşəli işğal olunana qədər orada yaşamışam. Mənim 1991-ci ildə 10 yaşım var idi. Çox şeyi xatırlayıram. Ermənilər Meşəli kəndinə tez-tez silahlı hücumlar edirdilər. Eşitdiyimə və gördüyümə əsasən deyə bilərəm ki, Meşəli kəndinin müdafiəsinə Milli Ordudan 10 nəfər ayrılmışdı.
1991-ci ilin 23 dekabrında nənəm bizi yuxudan oyatdı. Dedilər ki, ermənilər hücuma keçiblər. Ermənilər hər tərəfdən evləri atəşə tuturdular. Evdən çıxmaq çətin idi. Ermənilərin hücumunun qarşısının alınması çətinləşirdi. Biz evdən çıxıb qaçmaq istəyəndə mən əlimdən və ayağımdan yaralandım. Bibim isə kürəyindən güllələndi. Bibim uzanıb qalmışdı, ermənilər oraya yandırıcı maddə atmışdılar. Bibimin saçı yanırdı. Onu güc-bəla ilə içəri saldıq. Amma atəş dayanmırdı. Mən birtəhər çıxıb qaça bildim. Qaçan zaman məni bir erməni gördü, amma mənə atəş açmadı. Kənd camaatı onu tanıyırdı. Amma mən tanımırdım. Qaçan zaman bizimlə birlikdə olan kənd sakinlərinin bir neçəsini ermənilər vurub öldürdülər. Bir neçəsi də yaralandı. Biz qaçıb Qarqarçayı keçəndə buz sındı. Ayağım buz kimi suya düşdü. Bir xeyli gedəndən sonra atam Çərkəz məni tapdı. Məni belinə alıb apardı. Səhəri gün isə bibim Elmiranı Ağdamda xəstəxanaya gətirdilər”.
Qeyd edək ki, göstərilən ifadə 2007-ci ilin 19 noyabrında alınıb.
11:13
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.
BakuPress.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
08:10
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezov Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
BakuPress.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.