Payızda xroniki xəstəliklərə nəzarət - HƏKİM MƏSLƏHƏTİ

Payızda çox vaxt ürək-damar, tənəffüs və əqli xəstəliklər kəskinləşir.

Bu barədə oktyabrın 22-də rusiyalı kardioloq İrina Permikina danışıb.

O qeyd edib ki, xroniki xəstəliklərin müalicəsi mümkün deyil, lakin onların gündəlik həyata təsir dərəcəsinə nəzarət etmək olar. Mütəxəssis vurğulayıb ki, ürək və qan-damar sistemi ilə bağlı problemlərə görə, əhalinin 70%-ə qədəri mövsümi dəyişikliklərə həssasdır.

“Hipertoniyadan (yüksək qan təzyiqi) əziyyət çəkən bir çox xəstə temperatur dəyişdikcə dərman rejimini tənzimləməlidir. Özünüzü necə hiss etməyinizdən asılı olmayaraq, təzyiqi mütəmadi olaraq ölçmək vacibdir ki, onun artıb-azalması vaxtında aşkar edilsin, lazımi tədbir görülsün”, - deyə o, xəbərdarlıq edib.

Həmçinin payız və qış aylarında soyuqdəymə və qrip geniş yayılır ki, bu da ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərir.

 

 

“Çoxsaylı tədqiqatların nəticələri ürək xəstəliyindən əziyyət çəkən xəstələr üçün qrip və soyuqdəymənin profilaktikasının vacibliyini nümayiş etdirir. Söhbət ilk növbədə qrip virusuna qarşı hər il vurulan peyvənddən gedir. Bu, ürək-damar ağırlaşmalarının inkişaf riskini 59% azaltmağa kömək edir”, - deyə həkim bildirib.

Permikina həmçinin mövsümi affektiv pozğunluğun (SAD) pisləşməsinə işarə edib. Bu, günəş işığının olmaması səbəbindən depressiv emosional vəziyyətin meydana gəldiyi depressiyanın növüdür.

“SAD çox vaxt payızda ortaya çıxır və bəzi insanlarda apatiya yaza qədər davam edir. Bütün bunlar təkcə əqli deyil, həm də fiziki sağlamlığa mənfi təsir göstərir. Əgər emosional vəziyyətinizin pisləşdiyini görürsünüzsə, bu zaman edəcəyiniz hərəkətlərin planını hazırlamaq üçün psixoloqa müraciət edin”, - deyə həkim əlavə edib.

Mənbə: RT

0.053313970565796