Oktyabrın 20-də “De Fendo” Vəkil Bürosunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi ilə hakim vəzifəsinə yeni təyin edilmiş vəkillər arasında görüş keçirilib.
Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini dilə gətirib.
Prezidentin 11 oktyabr 2023 tarixli Sərəncamı ilə təyin edilən 32 nəfərdən məhz 7 nəfəri, yəni 22 faizi Vəkillər Kollegiyasının üzvü olduğunu vurğulayan A.Bağırov deyib ki, bu, çox yüksək göstəricidir. Eyni zamanda bu onu göstərir ki, hazırda vəkillik əslində digər sahələr üçün, o cümlədən məhkəmə hakimiyyəti üçün kadr bankına çevrilib.
Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirmiş ARVK-nın 7 üzvü - Tural Qurbanəli oğlu Əfəndizadə Şəki Ağır Cinayətlər Məhkəməsinə, Leyla Kamil qızı Əliyeva Gəncə İnzibati Məhkəməsinə, Samir Bəyistan oğlu İsmayılov Sumqayıt Şəhər Məhkəməsinə, Güləndam Gündüz qızı Quliyeva Mingəçevir Şəhər Məhkəməsinə, Könül Murtuz qızı Mirzəfərova Şabran Rayon Məhkəməsinə, Vüsalə Vahid qızı Musayeva Nəsimi Rayon Məhkəməsinə və Fəridə İslam qızı Rzayeva isə Suraxanı Rayon Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.
Görüşdə kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək yeni təyin olunan hakimlərə fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarını, süründürməçiliyə və digər neqativ hallara yol verməmələrini tövsiyə edib.
Daha sonra A.Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən, onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.