“İsrail həqiqətən müharibədədir. Bu kiçik miqyaslı hərbi əməliyyat deyil. Bu səhər HƏMAS Qəzza zolağından geniş raket atışları və onlarla terrorçunun İsrailin yaşayış məntəqələrinə qanlı şəkildə soxulmasını özündə ehtiva edən, qəsdən planlaşdırılmış terror hücumu həyata keçirib. Biz bu terrora qətiyyətlə cavab verəcəyik və buna görə məsuliyyət daşıyan heç kim İsrail ordusunun cavab tədbirlərindən sığortalanmayacaq”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq Eran Şayşon deyib.
Səhər saatlarından Fələstinin İsrailə etdiyi hücumları şərh edən politoloq, bu dəfə vəziyyətin daha da gərgin olduğuna diqqət çəkib:
“Livan, Suriya, İran, İraq və Yəmən kimi ölkələri əhatə edən digər arenalarda da eskalasiya potensialı yüksəkdir. İsrail təəccüblənsə də, biz güclü və möhkəm qalırıq. Düşmənlərimiz yaxşı bilirlər ki, bizi hərbi cəhətdən məğlub edə bilməzlər. Onların strategiyası, ilk növbədə, xalqımızda məğlubiyyət hissi yaratmağa yönəlib. İsrail HƏMAS-ın Qəzzada törətdiyi dəhşətli terror hücumuna lazımi güclə cavab verəcək. HƏMAS öz hərəkətlərinin cavabını alacaq”.
E.Şayşon qeyd edib ki, terror təşkilatları savaşaraq deyil, sivillərə qarşı beynəlxalq hüququ tapdalayaraq nəticə qazanmağa çalışırlar:
“Günahsız insanlara zərər vermək niyyəti ilə fəaliyyət göstərən bir terror təşkilatı ilə qarşı-qarşıyayıq. Onların fəaliyyət prinsipi mülki insanlara zərər vermək və Qəzza sakinlərini canlı qalxan kimi istifadə etməkdir.
Mülki əhalini atəşə tutmaq məqsədi ilə İsrail şəhərlərinə, yaşayış məntəqələrinə soxulurlar. Bütün bunlar müharibə cinayətləridir. Bu çətin dövrlərdə dünyadakı dostlarımızın birliyi və dəstəyi çox şey deməkdir. Biz bölgədə tezliklə davamlı sülhün yaranmasına ümidliyik”.