Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Ukraynada qətl törətməkdə təqsirləndirilən idmançı Yasin Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Həsənov 12 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan paytaxt sakini Yasin Həsənov Bakı şəhərində tutulub. Y.Həsənovun 2018-ci ilin iyulun 3-də Ukraynanın paytaxtı Kiyevdə yerləşən restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməsinə əsaslı şübhələr olub.

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaralayıb, bu səbəbdən Y.Həsənov intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Yasin Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının üzvü olub. O, dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub. İstintaq orqanı tərəfindən Yasin Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham elan edilib.

0.062360048294067