Çin alimləri araşdırma zamanı aşkar ediblər ki, hər gün 1 yumurta yeməklə insultun riskini xeyli azaltmaq mümkündür.
Araşdırmanın nəticələri Heart jurnalında dərc olunub.
Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, Pekin Universiteti alimləri 9 il ərzində yaşı 30-dan 79-a qədər olan 420 min (!) insanın qidalanması və sağlamlıq göstəricilərinə nəzarət edirdi. Nəticədə mütəxəssislər aşkar ediblər ki, hər gün yumurta yeyən insanlarda bu məhsulu yeməyən və ya nadir hallarda yeyən insanlarla müqayisədə insultun riski 26%, insultdan ölüm riski isə 28% daha azdır.
Həmçinin yumurta yeyən insanlarda digər ürək-damar xəstəliklərinin riski də 18% daha azdır.
Alimlərin fikrinə görə, yumurtanın orqanizmə olan bu müsbət təsirinin səbəbi onun tərkibində olan asan mənimsənilən zülallar, vitamin, fosfolipid və karotinoidlərdir.
Tətqiqatçılar ağır ürək və damar xəstəliklərdən qorunmaq üçün hər gün yumurta yeməyi tövsiyə edirlər.