27 Sentyabr - Anım günü münasibətilə ll Şəhidlər xiyabanı ziyarət olunur.
BakuPress.Az xəbər verir ki, Azərbaycan xalqı, dövlət qurumlarının rəsmiləri, yaxınları şəhidlərin məzarlarını ziyarət edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad edirlər.
İnsanlar səhər saatlarından başlayaraq ölkənin hər bir yerində Şəhidlər xiyabanlarına axın edir. Şəhidlərin məzarları ziyarət olunur, qəbirləri üzərinə tər güllər düzülür, ruhlarına dualar oxunur.
Qeyd edək ki, bu gün Azərbaycanda Anım Günüdür. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və 44 gün davam edən Vətən müharibəsi noyabrın 10-da Ermənistanın kapitulyasiyası, Azərbaycanın isə tam qələbəsi ilə başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Daha çox şəkil burada: PhotoStock.az