Azərbaycanın xarici ticarət dövriyyəsi 26,3 milyard dollar olub

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 26 milyard 333,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 16 milyard 776,7 milyon dollar, idxalın dəyəri 9 milyard 556,5 milyon dollar təşkil edib, nəticədə 7 milyard 220,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalıb, real ifadədə isə 1,4 faiz artıb. İdxal real ifadədə 8,0 faiz artıb, ixrac isə 0,7 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 92,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, İsrail, Hindistan, İspaniya, Çexiya, Türkmənistan, Gürcüstan, Rumıniya, Fransa, İrlandiya, Xorvatiya, Birləşmiş Krallıq, ABŞ, İran, Vyetnam, Yaponiya, Qazaxıstan, Koreya və Bolqarıstan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiyanın, 16,3 faizi Çinin, 13,8 faizi Türkiyənin, 5,8 faizi Almaniyanın, 5,4 faizi Türkmənistanın, 3,3 faizi Fransanın, 3,0 faizi ABŞ-ın, 2,8 faizi İranın, 2,6 faizi İtaliyanın, hər biri 2,5 faiz olmaqla Koreya və Yaponiyanın, 1,9 faizi Birləşmiş Krallığın, hər biri 1,8 faiz olmaqla Belarus və Qazaxıstanın, 1,4 faizi Ukraynanın, hər biri 1,3 faiz olmaqla Braziliya və Hindistanın, 1,0 faizi Polşanın, 0,8 faizi Vyetnamın, hər biri 0,7 faiz olmaqla Niderland, İspaniya, Özbəkistan və Gürcüstanın, 9,8 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, mineral məhsulların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

 

0.065027952194214