Erməni terroru nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovla vida mərasimi başa çatıb.
BakuPress.Az xəbər verir ki, mərhumun cənazəsi Binəqədidə yerləşən Şəhidlər xiyabanına aparılır.
10:04
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Seymur Elsəvər oğlu Mahmudovla vida mərasimi keçirilir.
BakuPress.Az xəbər verir ki, mərasim Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 139-da keçirilir. Seymur Mahmudovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra Seymur Mahmudov Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “KamAZ” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 4:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 08.07.1987-ci il təvəllüdlü Ramil Arif oğlu Şirinov, 12.07.1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 21.07.1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanov hadisə yerində həlak olublar.
Daha çox şəkil burada: PhotoStock.az