Təhminənin Zauru 68-ni tamamladı

Bu gün Azərbaycan kinosunun peşəkar aktyorlarından biri, Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. 

BakuPress.Az xatırladır ki, aktyor Fəxrəddin Manafovun 68 yaşı tamam olur. 

Fəxrəddin Manafov 1955-ci ilin məhz bu günü Xankəndidə dünyaya gəlib. Bir müddət sonra isə ailəsi Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayıb. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünüblər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyorlar evində kinomexanik kimi işə düzəlib. Almaniyada hərbi xidmətini başa vurduqdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verən Fəxrəddin Manafov 1975-1980-ci illərdə orada ali təhsil alıb. 1980-ci ildə ali təhsilini başa vurub.

Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. Aktyorlar evində rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F.Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxır. 

Xalq artisti 1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

 

 

Fəxrəddin Manafov 45 illik yaradıcılığı boyunca bir çox ekran işində müxtəlif obrazlar canlandırıb. Onlar arasında “Evləri köndələn yar” (Şamil), “Gecə qatarında qətl” (Rüstəm), “Doğma sahillər”, “Əlvida, cənub şəhəri” (Rza), “İşgüzar səfər” (Ənvər) kimi filmlər var. 

Aktyoru ən çox məşhurlaşdıran və sevdirən isə “Təhminə” filmindəki Zaur obrazı olur. Sözügedən ekran işi 1993-cü ildə çəkilib.

Fəxrəddin Manafova sənətdəki xidmətlərinə görə fəxri adlar verilib. O, 1987-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Aktyor Azərbaycan dövlət televiziyasının diktoru, 2021-ci ildə dünyasını dəyişən Vahidə Sadıqova ilə evli olub. 

0.075121879577637