Məşhur icra başçısının 27 illik karyerasına son qoyulur

Hakimiyyət daxilində "təmizləmə əməliyyatı" davam edir. Yaxın günlərdə daha bir icra başçısı işdən çıxarılacaq. Yola salınacaq şəxsin adı da məlumdur.  

Bakupress.az xəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, iş yerini itirəcək "kiçik padşah" Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovdur. 64 yaşlı Qaraşovun "vurulması" iki əsas səbəblə əlaqəlidir. 

Məlumatlara görə, 2022-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızının 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin azyaşlı şagirdinə qarşı zor tətbiq etməsi, məktəblini döyməsi sabiq müavini ilə yanaşı, Taleh Qaraşova da problem yaradıb. İcra başçısı o vaxt şəxsi əlaqələrini işə salaraq, vəzifəsini qoruya bilsə də, bu hadisə unudulmayıb. Hakimiyyətin yuxarı eşelonunda hesab edirlər ki, xanım müavin məhz başçıya güvənərək, bu cür qanunsuzluğa əl atıb. Buna görə də təkcə o özü deyil, onun qanunsuz əməllərinə göz yuman icra başçısı da cavab verməlidir. Digər səbəb isə Taleh Qaraşovun çoxillik fəaliyyətilə bağlıdır. Belə ki, Qaraşov hazırda ölkənin ən stajlı icra başçısı sayılır. Hakimiyyət mənsubları düşünürlər ki, onun 27 illik karyerasına son qoymağın vaxtı çatıb.

Qeyd edək ki, Taleh Qaraşpov 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. 

0.049025058746338