Daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə polis işçilərini təbrik edib.
Bakupress.az xəbər verir ki, polis işçilərini və veteranlarını, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini təbrik edən nazir deyib: “Ötən müddətdə çətin sınaqlarla dolu şərəfli bir yol keçmiş polis orqanları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar hüquq mühafizə orqanı kimi formalaşmış, ölkədə qanunçuluğun bərpasında və hüquq qaydasının qorunmasında önəmli xidmətlər göstərmiş, dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o cümlədən işğaldan azad edilmiş ərazilərdə qarşıya qoyulmuş tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşlarının qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunmuş nəticələr də məmnunluq doğurur”.
Nazir əmin olduğunu bildirib ki, öz andına sadiq olan və şərəfli polis adını həmişə uca tutan şəxsi heyət bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, dövlət başçısının etimadını doğruldacaq.