Son vaxtlar yaşı 40-50-ni keçən xanımlar arasında ana olmaq istəyənlərin sayında artım müşahidə edilir. Doğrudur, bu yaşda qadınların övlad dünyaya gətirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır, əksər hallarda tənqidlərə tuş gəlir. Buna səbəb olaraq qadınların övlad sahibi olmaq üçün süni mayalanmaya üz tutması əsas gətirilir. Təcrübə göstərir ki, nisbətən yaşlı qadınların övlad dünyaya gətirməsi genetik olaraq problemlidir. Nəticədə çıxış yolu kimi süni mayalanmaya əl atılır.
Mövzu ilə bağlı Bakupress.az -a danışan tanınmış mama-ginekoloq Rəşad Sultan da bu düşüncədədir. Onun sözlərinə görə, 50 yaşdan yuxarı qadınların hamiləliyi süni mayalanmanın nəticəsindədir.
“Biz bilirik ki, qadın yumurtalığının rezervi var. Qadınlar əvvəllər 50 yaşdan sonra hamilə ola bilmirdi. Çünki qadın yumurtalığının məhdud rezervi, yəni yumurta ehtiyatı mövcud olur. Həmin ehtiyat 45-50 yaşlarında tükənir. Əslində 43 yaşında biz onu praktiki olaraq tükənmiş hesab edirik.50 yaşında onun həm yumurta ehtiyatı, həm də hormonal ehtiyatı tükənir və klimaksa girir. Amma bu gün başqasından yumurta götürmüklə, yəni süni mayalanma yolu ilə hamiləlik əldə edə bilərik”, - həkim deyib.
“Qadının yumurtası tükənmiş olsa da, uşaqlığı yerində olduğu üçün həmin uşaqlığa biz rüşeyim qoyub, orda hamiləliyi davam etdirə bilərik. Bununla da yaş məhdudiyyəti olmadan qadın hamilə qala bilir. Bu işin müsbət tərəfi odur ki, yumurtası tükənmiş qadın da övlad sahibi ola bilir. Qadınların hamısı rezerv eyni yaşda tükənmir. Elə qadınlar var ki, müəyyən xəstəlik və əməliyyatlar səbəbilə yumurtası daha tez tükənir. Hazırda 30, 35 yaşında xəstəliklə əlaqədar yumurtası tükənmiş qadınlar da övlad sahibi ola bilirlər. Nəzərə alaq ki, bu gün qadınlar sosial vəziyyətlə əlaqədar daha gec ailə həyatı qurur. Bu da qadına avantaj verir ki, gec ailə qursa da, yumurtlığı tükənmiş olsa da, övlad sahibi ola bilsin. İşin mənfi tərəfi odur ki, yaş keçdikcə qadın orqanizmində bir sıra xəstəliklər yavaş- yavaş özünü göstərməyə başlayır.
Məsələn, şəkərli diabetdən tutmuş ürək-damar, dayaq-hərəkət sistemi xəstəliklərinə qədər. Başqa sözlə desək, 30 yaşlı qadın tam olaraq hamiləliyi davam etdirməyə hazırdırsa, 50 yaşdan sonrakı hamiləliklər çox riskli olur. Ona görə də belə tip hamiləlikləri təbliğ etmək lazım deyil. Biz bunu məcburiyyətdən edirik. Əslində biz təbliğ etməliyik ki, qadınlar işi o yerə gətirib çatdırmasınlar. İrəli yaşdaki hamiləliklərin uşağın sağlamlığı baxımından da riskləri var”, - mama-ginekoloq Rəşad Sultan vurğulayıb.
Onun sözlərinə görə, süni mayalanma ilə doğulan uşaqlar genetik olaraq ananın öz övladı hesab olunmur.
Həkim fikirlərini belə əsaslandırıb: “Bir məsələni də qeyd edim ki, qadın yardımdan istifadə edərək hamilə qaldığı zaman genetik olaraq uşaq bətnində böyümüş olsa da, onun öz uşağı olmur. İşin etik tərəfi odur ki, bir çox insan donor yardımı ilə mayalanmanın əleyhinədir. Hüquqi baxımdan isə onsuz da bilirik ki, bizim ölkəmizdə “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmayıb. Bu baxımdan hüquqda çox boşluqlar var. Donor yardımı ilə süni mayalanmalar edərkən boşluqlar olsa belə, mütləq diqqətli olmaq lazımdır”.
Qeyd edək ki, rəsmi statistikaya əsasən Azərbaycanda 2015-ci ildə 38, 2016-cı ildə 29, 2017-ci ildə 13, 2018-ci ildə 22, 2019-cu ildə 37, 2020-ci ildə 61, 2021-ci ildə isə yaşı 50-dən çox olan 46 qadın uşaq dünyaya gətirib.