“Şahdağ Turizm Mərkəzi” ziyana işləyir - HESABAT

“Şahdağ Turizm Mərkəzi” QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

 

BakuPress.az xəbər verir ki, 2022-ci ildə “Şahdağ Turizm Mərkəzi” 8 milyon 687,5 min manat xalis zərər edib. 2021-ci ildə şirkət 6 milyon 343.6 min manat xalis zərər açıqlamışdı.

 

Hesabat dövründə şirkətin birja əməliyyatlarından gəlirləri 56.3% artaraq 9 milyon 607,9 min manat, qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 13.6% azalaraq 12 milyon 77 min manat, sair gəlirləri isə 38.5% azalaraq 783.9 min manat təşkil edib. Eyni dövrdə satışın maya dəyəri 17% artaraq 12 milyon 44 min manata, inzibati xərclər 11.2% artaraq 16 milyon 299,3 min manata, maliyyə xərcləri isə 8.2 dəfə artaraq 153.3 min manata bərabər olub. Beləliklə xərcləri gəlirlərini üstələyən turizm mərkəzi 8 milyon 687,5 min manat əməliyyat zərəri ilə üzləşib.

 

2022-ci ildə “Şahdağ Turizm Mərkəzi”nin cəmi aktivləri 3.2% azalaraq 302 milyon 203.7 min manat, cəmi öhdəlikləri isə 37.3% azalaraq 1 milyon 874 min manat olub.

 

2023-cü il yanvar ayının 1-nə turizm mərkəzinin cəmi kapitalı 300 milyon 329.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 2.8% və ya 8 milyon 687,5 min manat azdır.

 

Qeyd edək ki, 397 milyon 506,5 min manat nizamnamə kapitalına malik olan turizm mərkəzinin yığılmış zərəri 97 milyon 176.8 min manata yüksəlib.

0.047613859176636