Azərbaycanda gömrük xidməti hələ də ən problemli və narazılığa səbəb olan sahələrdəndir. Zaman-zaman bu strukturda islahatlar həyata keçirilsə də, şüur və yanaşma dəyişmir ki, dəyişmir. Dövlət bu sahədə ən müasir infrastrukturun yaradılmasını həyata keçirib, son model cizahlarla təchiz olunub, gömrük əməkdaşlarının əmək haqlarından tutmuş iş şəraitinə qədər yüksək səviyyədədir, amma bu sahədə mövcud olan problemlər həll edilmir, yaxud bir problem həll ediləndə də digəri peyda olur.
Gömrük xidmətinin fəaliyyətini nəzəri və praktiki olaraq bölsək, deyə bilərik ki, nəzəri olaraq hər şey yüksək səviyyədədir, amma bu nəzəriyyəni praktikada tətbiq edəndə anormallıq başlayır. Könüllü gömrükçü layihəsi də bunun son nümunələrindən biri hesab edilə bilər.
Dövlət Gömrük Komitəsi “könüllü gömükçü” layihəsinə start verib. Məqsəd həm gənclərin dövlət orqanlarında iş fəaliyyətinin stimullaşdırılması, həm də gömrükdə xidmət səviyyəsinin yüksəldilməsidir. Kağız üzərində hər şey çox gözəl görünür, amma bu gün “könüllü gömükçülər” vətəndaşlara xidmət yox, “tələ” kimi istifadə olunur.
Dövlət Gömrük Komitəsi könüllülük hərəkatından necə sui-istifadə edir?
BakuPress.az xəbər verir ki, vətəndaşlardan biri Heydər Əliyev adına Hava Limanında üzləşdiyi dəhşətli mənzərəni belə təsvir edir.
Hava limanında təyyarə enişindən sonra yüklərini götürməyə gələn sərnişinlər gözləmədikləri halda “könüllü gömrükçü”lərin qəfil mühasirəsinə düşür. Bu könüllülər özlərini könüllü kimi yox, müfəttiş kimi aparır. Onlar yükünü götürmək üçün gözləyən sərnişinin ətrafında var-gəl edir, hər addımını izləyir, “gözləri su içməyən” sərnişin görəndə isə dərhal “komandir ştab”a məlumat ötürürlər.
Eyni zamanda, “könüllü gömrükçülər” sərnişinləri qanunsuz olaraq yoxlayır, hətta ayaqqabısına qədər soyunduraraq, təftiş edirlər. Halbuki, Azərbaycanda böyük ənənəyə malik olan könüllülük hərəkatının əsas missiyası vətəndaşa xidmətə əsaslanıb.
Dövlət Gömrük Xidmətinin rəhbərliyi isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və dünyada müsbət təcrübə kimi qəbul edilən könüllülük hərəkatını özlərinin absurd iş prinsiplərinin alətinə çevirib.
Özlərini müfəttiş kimi aparan “gömrük könüllüləri” belə demək mümkünsə, sərnişinlərə “qazanc mənbəyi” kimi baxır.
Şahidlər bildirir ki, könüllülər üzərində yoxlama apardıqları sərnişinlər arasından bəzilərini seçir, onları “qərargah”a yönləndirir və hər şey orada həll edilir.
Dubaydan gələnlərin diqqətinə: hava limanında “gömrük radarı”…
Bu günlərdə Dubaydan Bakıya uçan sərnişinlərdən biri deyir ki, “könüllü gömrükçülər” onu hava limanında sözün hər iki mənasında “soyub”. Həm ayaqqabılarına qədər çıxarıb, yoxlama aparıblar, həm də onların yönləndirdiyi “komandir ştab”da “tərləyib”.
Şikayətçinin sözlərinə görə, “könüllü gömrükçülər” hava limanında Dubay-Bakı reysinin sərnişinlərini “təmtəraqla” gözləyirlər. Hətta, belə fikir var ki, Dubaydan gələnlərdə pul var və onları “soymaq” olar.
Göründüyü kimi, Dövlət Gömrük Xidməti indi də “könüllü gömrükçü” biabırçılığı ilə tanınmağa başlayıb və ən dəhşətlisi odur ki, bu biabırçılığı “könüllülük hərəkatı” adı altında həyata keçirir.