İyunun 17-18-də Gürcüstanın Batumi şəhərində karate üzrə açıq beynəlxalq turnir keçirilib. On ölkənin iştirak etdiyi beynəlxalq turnirdə milli komandamızın idmançıları da iştirak ediblər.
BakuPress.az xəbər verir ki, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız - 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi iki döyüşün hər birini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edib.
Xatırladaq ki, Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabrında Türkiyədə şotokan karate üzrə dünya çempionatında və 2022-ci ildə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanıb. Ötən il Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilən 12-ci dünya çempionatında isə Ü.Məmmədov dünya çempionu, 2023-cü ilin aprelin 28-dən 30-dək Bolqarıstanın Kranevo şəhərində Avropa çempionu titullarına yiyələnib.