17 İyun - Tibb işçilərinin peşə bayramı gününü qeyd edən laçınlı tibb işçiləri əvvəlcə Laçın Rayon İcra Hakimiyyəti inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstünü Laçın Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə ziyarət edərək, abidənin önünə tər güllər düzmüşlər. Sonra tibb işçilərinə rayon rəhbərliyinin təbriki çatdırılmış, onlara şərəfli işlərində uğurlar arzulanmışdır.
Qeyd olunmuşdur ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı hər il ölkəmizdə iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi.
2003-cü ildən ötən müddət ərzində ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi illə Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb. Ölkəmizdə müasir tələblərə cavab verən tibb ocaqları tikilib, səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilib. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.
Eyni zamanda səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Fərəhli haldır ki, əvvəlki illərdən fərqli olaraq 2023-cü il dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında laçınlı tibb işçilərinin 31 illik ayrılıqdan sonra Laçın şəhərində əmək fəaliyyətləri bərpa olunmuşdur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan , ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmən üzərində möhtəşəm Zəfərə imza atması bütün rayon sakinləri ilə yanaşı tibb işçiləri tərəfindən dərin minnətdarlıq və hədsiz sevinc hissi ilə qarşılanır.