Şəhid ailələrinə qayğı və diqqət göstərilməsi hər bir vətəndaşımızın ən ümdə borcudur. Hətta ölkə başçısı Cənab İlham Əliyevin dəfələrlə dövlət məmurlarına xitabən bu mövzuya həssaslıqla yanaşılması üçün öz çıxışları zamanı etdiyi çağırışlar da dövlət böyüklərimizin məsələyə necə diqqətlə yanaşdıqlarının, daim diqqət mərkəzində saxladıqlarının əyani sübutudur.Bu gün sizlərə birinci Qarabağ müharibəsi iştirakçısı olmuş bir valideynin övladı olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Vətən Müharibəsində Şəhid olmuş Məmmədov Vasif Rəfail oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ailəsi dəfələrlə yaşadıqları Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir və xatirə bulağının tikintisi üçün yer ayrılmasına dair istəkləri yerinə yetirilmədən biganəliyin qurbanına çevrilmişdir.
Hətta ən acınacaqlısı odur ki, şəhid ailəsi xatirə bulağının tikintisi üçün maliyyə xərcini özləri qarşılayacaqları təkliflərinə rəğmən, sadəcə 2 metrlik yer ayırmağı adıçəkilən icra hakimiyyəti böyük süründürməçiliyə salmaqla həyata keçirmir.
Görəsən, həqiqətənmi bu dövlət üçün canını fəda etmiş bir şəhidin adının əbədiləşdirilməsi barədə müraciət, həmin şəhər icra hakimiyyəti başçısı üçün bu qədər əhəmiyyətsizdir, yoxsa bizim də bilmədiyimiz başqa əsaslı səbəblər mövcuddur?
Qarşı tərəfi də dinləməyə hazırıq…