"Adı olub, özü olmayan kolxozda obyektlər, yəni asfalt zavodu, kərpic zavodu, süd emalı sexi, yerli şərab zavodu, yem hazırlayan zavod və pilorama bilərəkdən silinərək satılıb"
"İcra başçısı Nahid Bağırova, kolxoz sədri V.İ.Novoseltseva və şura sədri O.T.Jabinaya müraciət etməyimizə baxmayaraq, aidiyyatı orqanlar kənd sakinlərinə hesabat iclasını keçirməyə imkan vermirlər"
"Kolxozda köhnə sənədlə əkin sahəsi 5147 hektar göstərilir, halbuki əkin üçün yararlı torpaq sahəsi dəfələrlə çoxdur"
"Bakupress.az" xəbər verir ki, Bugünlərdə Hurriyyet.az-a müraciət edən bir qrup İsmayıllı rayonu, İvanovka kənd sakini ölkədə torpaq islahatları aparılmasına baxmayaraq, İvanovka kolxozunun bazasında N.V.Nikitin adına kolxoz yaradılmaqla faktiki olaraq kənd sakinlərinin torpaq payı almadıqlarını və bununla da hüquqlarının pozulduğunu bildiriblər. Şikayətçilərin sözlərinə görə, İvanovka kənd rəhbərliyi talançılıqla məşğul olur: "N.V.Nikitinin dövründə təsərrüfat onun və kənd əhalisinin sayəsində yaradılıb. Təəssüflər olsun ki, ondan sonra gələn kolxoz sədrləri buna məhəl qoymayaraq tam əksinə iş görürlər. Buna görə də hazırda təsərrüfat iflasın eşiyinə gəlib. Quçşuluq, maldarlıq, qoyunçuluq, donuzçuluq və üzüm bağlarının sahələri dağılaraq məhv edilib. Bundan başqa, adı olub, özü olmayan kolxozda obyektlər, yəni asfalt zavodu, kərpic zavodu, süd emalı sexi, yerli şərab zavodu, yem hazırlayan zavod və pilorama bilərəkdən silinərək satılıb. Kolxozun hazırki rəhbərliyinin əsas məqsədi kolxozun dağıdılması və talan edilməsidir".
Məhz bu səbəbdən də kənd sakinləri ölkə başçısına müraciət edir və prezidentdən üzləşdikləri problemin həllində yardım istəyirlər: "Biz dəfələrlə rayon rəhbərliyinə bununla bağlı rəsmi qaydada müraciət etmişik. Lakin bunun heç bir faydası olmayıb. Ölkədə 1996-cı ildə torpaq islahatının getməsinə baxmayaraq, bu günə qədər İvanovka kənd sakinlərinə rayonun aidiyyatı rəhbərliyi tərəfindən qanuni sənəd verilməyib.Rayon rəhbərliyi bizə bildirir ki, torpaq kolxoza məxsusdur. Əgər bu torpaq kolxoza məxsusdursa, İvanovka kənd sakinlərinin xəbəri və razılığı olmadan kolxoz sədri V.İ.Novoseltsev, şura sədri O.T.Jabina və onların ətrafı niyə kolxozun sahələrinə qeyri-qanuni investor cəlb edib? 6 min hektara yaxın torpaq sahəsini kolxoz sədri və onun ətrafı investor cəlb edərək, qeyri-qanuni olaraq əkib-becərir. Hansı ki, İvanovka sakinlərinə o taxıldan bir kiloqram belə, çatmır, özləri aralarında satıb talayırlar. Söhbət 15-16 min ton taxıldan gedir".
Şikayətçilər bildiriblər ki, dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova, kolxoz sədri V.İ.Novoseltseva və şura sədri O.T.Jabinaya müraciət etmələrinə baxmayaraq, aidiyyatı orqanlar kənd sakinlərinə hesabat iclasını keçirməyə imkan vermirlər: "Adı olub, özü olmayan kolxozda köhnə sənədlə əkin sahəsi 5147 hektar göstərilir, halbuki əkin üçün yararlı torpaq sahəsi dəfələrlə çoxdur. Buna baxmayaraq, kolxoz sədri V.İ.Novoseltsev və şura sədri O.T.Jabina məhsul verən üzüm sahələrini məhv edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov isə qeyd etdiyimiz nöqsanlara əhəmiyyət vermir, onların aradan qaldırılması istiqamətində zəruri addımlar atmır. Bu səbəbdən də sizin vasitənizlə ölkə başçısına müraciət edir və sadaladığımız prpblemlərin aradan qaldırılması üçün müvafiq tapşırıq verməsini xahiş edirik".