Mayın 28-də qeyd ediləcək Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlir.
BakuPress.az xəbər verir ki, Nikaraqua Prezidenti Daniel Orteqa Saavedra, Nikaraquanın vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Məktubda deyilir:
"Zati-aliləri, əziz qardaşımız İlham Əliyev!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edir, ehtiramımızı, sevgimizi və qardaşlıq həmrəylimizi bildiririk. İnanırıq ki, birgə işləyərək ölkələrimizi dünyanın bütün xalqlarının arzuladığı daha yaxşı məkana çevirə bilərik.
Sizə dərin ehtiramımızı ifadə edirik. Əminik ki, xalqlarımızın rifahı naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.
***
Peru Prezidenti Dina Ersilia Boluarte Zeqarra:
“Zati-aliləri cənab Prezident!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə Peru hökumətinin ölkələrimizin mənafeyi naminə həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əlaqələrimizin genişləndirilməsini və möhkəmləndirilməsini davam etdirməkdə maraqlı olduğunu bir daha Zati-alinizin diqqətinə çatdırıram.
Azərbaycan Respublikasının əziz xalqına firavanlıq və tərəqqi arzulayır, fürsətdən istifadə edərək Sizə bir daha ən dərin hörmət və ehtiramımı bildirirəm”.
***
Qabon Prezidenti Ali Bonqo Ondimba:
“Cənab Prezident!
Sizə 28 May – Müstəqillik Günü münasibətilə Qabon xalqının, hökumətinin, eləcə də özümün səmimi təbriklərimi göndərməkdən böyük məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına firavanlıq arzularımı çatdırıram.
Bu xoş fürsət mənə Qabon ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərini xalqlarımızın mənafeyinə uyğun surətdə daha yüksək səviyyəyə çatdırmaq əzmində olduğumu ifadə etmək imkanı verir.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev:
"Möhtərəm İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan dünya birliyi dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə yönələn dəyişməz kurs sayəsində layiqli nüfuz qazanıb, ardıcıl olaraq müstəqil xarici siyasət apararaq beynəlxalq münasibətlərin fəal subyektinə çevrilib.
Sizin rəhbərliyinizlə iqtisadiyyatda, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən böyük dəyişikliklər ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının artmasına kömək edir.
Əminəm ki, MDB məkanında inteqrasiya məsələlərinə Sizin şəxsi diqqətiniz Birliyimizin iştirakçı-dövlətləri arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə bundan sonra da kömək olacaq.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
***
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin:
“Möhtərəm İlham Heydər oğlu!
İcazə verin, Sizə hörmət və ehtiramımı bildirərək, Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edim.
Bu bayram öz ölkəsini sevən, onun tarixinə və qədim ənənələrinə hörmət bəsləyən və layiqli gələcəyi naminə çalışan Azərbaycan Respublikasının bütün vətəndaşlarını birləşdirir. Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, səadət, firavanlıq və doğma Vətənin rifahı naminə işlərində yeni-yeni nailiyyətlər arzulayıram.
Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə Rusiya Federasiyasının həmişə strateji tərəfdaşı olub və olmaqda davam edir. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq əlaqələrini yüksək dəyərləndirir və çoxplanlı qarşılıqlı təmasların möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm”.