Kübra Əliyeva: “Oğlumu narkotikə qurşandıran şəxs həbsxanada özünü asıb”

“Həyat yoldaşım sağdır. Onun 83 yaşı var. O məndən 9 yaş böyükdür. Türkiyədən qayıdanda mənə zəng vurdu. Söylədi ki, gəlmişəm, Bakıdayam. İş adamı idi. O, hazırda İsmayıllıdadır. Mən orada yox, Bakıda yaşayırdım. 10 il birlikdə yaşadıq”.

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu aparıcı Elgiz Əkbərin “YouTube” layihəsində deyib. 

Birinci həyat yoldaşını sevmədiyini dilə gətirən sənətkar bildirib ki, ikinci əri ilə ayrılmasına səbəb qısqanclıq olub: 

“Bizim ayrılmağımıza səbəb isə qısqanclıq oldu. Onu çox qısqanırdım. O da məni qısqanırdı. Deyirdi ki, teatrdan çıx. Hər ikimizin bir-birimizə hörməti var. Həyatda insan bir dəfə sevər. Mən bir dəfə sevmişəm, o da olub ikinci oğlum Ayazın atası. İlk həyat yoldaşımı isə sevməmişəm. Bəzən olur ki, insan sevə-sevə ayrılır. Müəyyən şeylər baş verir ki, bağışlaya bilmirsən. Ayrılmışam, belə yaxşıdır. Mənə ər lazım deyil. Elə şeylər var ki, onları danışa bilmirəm. Nələr, nələr yaşandı... Böyük oğlum Raufun qəbri haqqı, mən ikinci həyat yoldaşımı puluna görə sevməmişəm, nə də onun pulunu görmüşəm. Çox xəsis adam idi. Bu cür insanı da sevmək olarmış. Sevgi ayrı məsələdir. Gözü kor, qəlbi bağlı olur”. 

Böyük oğlu Raufun ağrılı-acılı taleyindən söz açan K.Əliyeva əlavə edib ki, övladını narkotikə qurşandıran şəxs özünü həbsxanada asıb:

“Allahıma şükürlər olsun ki, Ayaz kimi oğlum var. Ayazım Allahın mənə hədiyyəsidir. Sanki, Allah, bilirdi ki, böyük oğlum Rauf vəfat edəcək və Ayazı mənə hədiyyə etdi. Böyük oğlum Rauf 46 yaşında dünyasını dəyişdi. Bir dəfə də olsun ondan özümə qarşı bir kəlmə belə etiraz eşitmədim.

Rauf çox tərbiyəli, ağıllı idi. O, beş dil bilirdi. Raufu narkotikə qurşandıran şəxs özünü həbsxanada asdı. Rauf dünyasını dəyişəndə 130 kiloqram çəkidə idi. Ona o cür baxırdım. Rauf çox ruzili övlad idi. O, bir nömrəli həbsxanada yatırdı. O, oradan çıxmadı. Narkotikə görə orada çox yatdı. Lakin həbsxanada narkotikdən istifadə etmirdi. Rauf həbsxanada çalışırdı, pul alırdı. Kompüter kurslarını orada oxudu, bitirdi”. 

 

0.041936874389648