Ərdoğan gənclərə müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə gənclərə müraciət edib.

 

BakuPress.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin dövlət başçısının müraciətində deyilir: “Ölkəmizin demokratiya və inkişaf addımlarını müəyyən edərkən ən çox gənclərə güvənirik. Yaradılan şəraitdən ən yaxşı şəkildə istifadə edərək bizə böyük iftixar hissi yaşadan gənclərimiz qürur mənbəyimizdir”.

 

Milli mübarizənin Baş komandanı, Cümhuriyyətin banisi Qazi Mustafa Kamal Atatürkün Samsuna gəlişinin 104-cü ildönümünün sevinc və qürurla qeyd edildiyini bildirən Rəcəb Tayyib Ərdoğan gəncləri bayram münasibətilə təbrik edib. O deyib: “Qazi Mustafa Kamal Atatürkün türk gənclərinə ərməğan etdiyi bu əlamətdar tarix əcdadımızın məhrumiyyətlər içərisində belə, böyük bir iman və inancla mübarizə ruhunu canlandırmasının rəmzidir. Bu tarix türk millətinin imperialist güclərə qarşı birlik və bərabərlik şəraitində zülmə boyun əyməyəcəyini hayqıraraq, tarixin şahid olduğu ən böyük qəhrəmanlıq dastanlarından birini yazmağa başladığı gündür”.

 

Bu qəhrəmanlıq tarixinin gələcək nəsillərə ən canlı şəkildə çatdırılmasını mühüm vəzifə adlandıran Türkiyənin dövlət başçısı vurğulayıb: “Bir anlayışla, bir əsr əvvəlki ruhla əcdadımızdan təhvil aldığımız müqəddəs əmanətlərə sahib çıxır, ölkəmizin gələcəyinin rəmzi olacaq Türkiyə Yüzilliyini inşa edirik. Mübarizə əzmimizi, böyük və güclü Türkiyəni inşa etmək həyəcanını davamlı olaraq yüksəkdə tutmaq üçün gənclərimizi bütün sahələrdə dəstəkləyir, onlara hər cür imkan və şəraiti yaradırıq. Ölkəmizin demokratiya və inkişaf addımlarını müəyyən edərkən ən çox gənclərə güvənirik. Yaradılan şəraitdən ən yaxşı şəkildə istifadə edərək bizə böyük iftixar hissi yaşadan gənclərimiz qürur mənbəyimizdir. Ölkəmiz inkişaf etdikcə, böyüdükcə, öz xəyallarını gerçəkləşdirmək üçün onlara daha çox dəstək verəcəyik”.

 

Rəcəb Tayyib Ərdoğan sonda qeyd edib: “Türkiyə Yüzilliyi hədəfimizi əmanət etdiyimiz gənclərimizin son dövlətimiz olan Cümhuriyyətə qüvvətli bir şəkildə sahib çıxması gələcəyə inamla baxmamızı təmin edir. Bu düşüncələr ilə təkrarən 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə sizləri təbrik edir, Qazi Mustafa Kamal Atatürk başda olmaqla, Qurtuluş müharibəsinin bütün qəhrəmanlarının xatirəsini ehtiramla anıram”.

0.043581962585449