Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…

Azərbaycanda bəzi məmurların şəxsi işlərində qeyd olunan diplomlarının şübhəli olduğuna dair məsələlər mütəmadi olaraq gündəmdə olub. Hətta sabiq deputatlar arasında da belə diplomlara sahib olanların olduğu da deyilir. Qeyd edək ki, belə hallar təkcə, Azərbaycanda deyil, dünyanın bəzi ölkələrində də baş verir. Məsələn, hələ Əhmədinejat İranın prezidenti olan zaman təyin etdiyi Daxili İşlər nazirinin Harvardın məzunu olduğu deyilsə də, sonradan aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, sabiq nazirin diplomu saxtadır. Elə Rusiyada da belə hallar az olmayıb. Amma Azərbaycan deyəsən, bu məsələdə də çoxlarını geridə qoymaqdadır. Ölkəmizə gəldikdə isə Bakupress.az-a daxil olan məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tikinti Şöbəsinin hazırkı müdiri Adil Xudadatov da belələrindən hesab oluna bilər. Bir vaxtlar “Kamaz” markalı yük maşınının sürücüsü olan sözügedən şəxs gözlənilmədən Abşeron İcra Hakimiyyətində yüksək vəzifəyə gətirilib. Təbii ki, həmin vaxt rayonun icra başçısı olan Zakir Fərəcovun dəstəyi sayəsində. Lakin bu dəstəyin ona hansı səbəbdən və məqsəddən dolayı verildiyi məlum deyil.
Abşeron macəraları və Sumqayıta transfer
Xudadatov Abşerona Memarlıq Şöbəsinə rəhbərlik edərkən, çıxmadığı oyun qalmayıb. Onun Zakir Fərəcovun “kassiri” olduğunu deyənlər də az olmayıb. Çünki Abşeron rayonunda daş-daş üstünə qoyan şəxs mütləq Adil Xudadatovu görməliydi, əks təqdirdə, qoyulan daş sahibinin başına partlamış olardı. A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi ilə bağlı cumhuriyyet.az-a məlumat daxil olub. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi. Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub. Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib.
İcra başçısı olmaq xülyası
Hazırda davam edən rəsmi olmayan qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur. Daha sonra keçmiş “Kamaz” sürücüsünün bəxti ona sonradan yenə yar olub. Məsələ belədir ki, Zakir Fərəcovla araları düzələndən sonra bu dəfə o, Sumqayıt İcra Hakimiyyətin başçısının müavini təyin edilir. Lakin bu postda onun cəmi bir ay duruş gətirdiyi deyilir. Hansısa hadisə baş verdiyindən Xudadatov vəzifədən çıxarılır. Amma işsiz qalmır. Bu dəfə onu Zakir Fərəcov Şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin başına keçirir. Maraqlıdır ki, sözügedən şəxs bu postda da uzun müddət qala bilməyib. Belə ki, Arxitektura Komitəsinin iradlarından və nöqsanlardan sonra Xudadatov yanvar ayının əvvəlindən tutduğu vəzifədən azad edilərək, cərimələnib. Və həmin vəzifəyə, yəni baş memar vəzifəsinə şəhər Arxitektura Komitəsi Babək Hüseynovu təyin edib. Naəlac qalan Zakir Fərəcov Xudadatovu tikinti şöbəsinə müdir təyin edib. Bu dəfə isə Xudadatov işi daha da böyüdərək, koronavirusdan pul qazanmağa başlayıb. Sumqayıtdan verilən məlumata görə, şöbə müdiri şəhərdə fəaliyyət göstərən iş adamları, sahibkarları, tikinti ilə məşğul olanları məcburi qaydada pul köçrməyə cəlb edir. Yəni, onları məcbur edir ki, koronavirusla bağlı müxtəlif hesablara pul köçürsünlər.
Xudadatov bütün bunlara rəğmən, hər yerə səs salıb ki, tezliklə daha samballı vəzifəyə təyinat alacaq. Daha doğrusu, özü deyir ki, yaxın vaxtlarda rayonlardan birinə icra başçısı gedəcək. Görəsən, “Kamaz” sürücüsünü niyə icra başçısı qoysunlar ki?
Diplom müəmmalı Ən maraqlı məqam yazının əvvəlində qeyd etdiyimiz diplom məsələsi ilə bağlıdır. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Maraqlıdır ki, hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir. Onlardan biri də Dağıstandakı “universitet” hesab olunur. Maraqlıdır ki, “Kamaz” sürücüsü olan bir şəxs qısa müddətdə iki ali məktəbi necə bitirə bilib? Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkind biridir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Hər halda bunlar açıq suallardır.
Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub, olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqəli qurumlar araşdırmalıdırlar. Hər halda ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin saxta diplomlu olub, olmaması ciddi məsələdir.
Sahibkarlarla borc “razborkası”
Sumqayıtda bir qrup sahibkarın icra hakimiyyəti tərəfindən pullarının ödənilməməsində də A.Xudadatovun adı keçir. Sahibkarların dediyinə görə, Zakir Fərəcov borcun qaytarılması məsələsini Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatova tapşırıb. Şəhərin baş memarı da iş adamları ilə görüşərək, onlara söz verib ki, qısa zamanda borcların bağlanmasını təmin edəcək. Lakin iki aydan çoxdur ki, nə sahibkarlar, nə də fəhlələr ondan bir qəpik pul ala bilirlər. “Adil Xudadatov bizə deyir ki, Memarlıq və Tikinti Komitəsi onun səlahiyyətlərini əlindən alıb. Ona görə də, şəhərdən pul yığa bilmir. Bir gün deyir ki, işçilərimi göndərmişəm əraziyə pul yığmağa. Bir gün bəhanə edir ki, lazımı qədər pul yığa bilmir, əlində olanı da şəhərdəki işlərə sərf edir. Bizə maraqlıdır, Adil Xudadatov hansı səlahiyyət və hüququla pul yığır? Məgər bu qanunla qadağan olunmayıbmı? Memarlıq və Tikinti Komitəsi hara baxır ki, bu adam əhalidən, obyektlərdən pul yığır?”. İş adamları deyirlər ki, onlar halal haqlarını tələb edirlər və Xudadatovun hərəkətləri də məhz bəhanələrdən başqa bir şey deyil. “Biz Sumqayıt şəhərində abadlıq və yenidənqurma işləri görmüşük. Cibimizdən pul xərcləmişik ki, üzərimizə düşən öhdəliyi vaxtında yerinə yetirək. Amma Zakir Fərəcov bizim qanuni haqqımızı verməməklə yanaşı, işi Xudadatov kimi birinə tapşırıb. O da gündə bir bəhanə ilə bizi aldatmaqla məşğuldur. Bəs, bunca insanın pulunu kim verəcək və nə zaman verəcək? Üzərindən illər keçir və biz hələ də işçilərimizin yanında üzüqara vəziyyətdə qalmışıq”.
Sumqayıt binaları təhlükə mənbəyinə çevrilib
İş adamları və şəhər sakinlərinin dediyinə görə, Adil Xudadatov Sumqayıtda bütün abadlıq və tikinti işlərinə nəzarət edib. Elə Abşerondakı kimi fəaliyyətinə davam edib. Hətta səlahiyyətlərinin və imkanlarının çoxluğu səbəbindən özünü Arxitektura Komitəsinin nümayəndəsi kimi təqdim etməkdən də çəkinməyib. İddia olunur ki, Sumqayıt şəhərində aparılmış bütün qanunsuz tikintilərə “icazəni” birbaşa A. Xudadatov verir. Hətta özünün səlahiyyəti çatmadığı tikinti işlərinə də müdaxilə etmək, icazə almaq kimi məsələləri də yalnız Baş memar həll edir. Yəni sistem elə qurulub ki, Baş memarın şifahi və yaxud da yazılı rəyi olmadan Sumqayıtda iş görmək müşkülə çevrilib. A.Xudadatovun adı həm də köhnə binaları zədələyərək, əlavə qapıların açılması, yaşayış binalarının birinci mərtəbələrinin obyektlərə çevirmək üçün konstruksiya dəyişiklilərində də hallanır. Bu da bəzən ikinci, üçüncü mərtəbələrdə yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olur. Çünki konstruksiya dəyişikliləri bəzən köhnə binaların zədələnməsinə, yük saxlamaq gücünün zəifləməsinə səbəb olur. Və yaxud da bu kimi dəyişikliklər nəticəsində açılan obyektlər yaşayış binasının funksiyası ilə tərs-mütənasiblik təşkil edir. Belə olan halda da bina sakinlərinin narazılıqları baş qaldırır.
Milyonluq kapital 

A.Xudadatovun fəaliyyəti onun zəngin bir adama çevrib. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir. Şikayətçilər A. Xudadatova məxsus olan obyektlərin siyahısı və fotoları ölkə mediasında yayılıb.Onların bəzilərini təqdim edirik:

1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;

2. AAFF Yaşayış Kompleksində mənzillər;

3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;

 

4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina

5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);

6. 43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina; 

7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);

8. Sumqayıt şəhəri, 6-ci mikroraryon yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə);

9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;

10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…

0.078716039657593