Xəbər verdiyimiz kimi, tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub. O, 175 saylı məktəbin direktoru Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsi bu gün aktyoru Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
Bakupress.az ın məlumatına görə, məsələ ilə bağlı Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev də özünün feysbuk hesabında paylaşım edib.
O, Rza Rzayevin həbsinə belə münasibət bildirib:
“Rza Rzayev məni söyüb, təhqir edib, vurub. Bütün bunları bağışlamaq olardı. Qızımı və anamı təhqir etməyini bağışlamadım. Bu gün Bakı Apellyasiya Məhkəməsi Rza Rzayev barədə iki il həbs, bacısı oğlu barədə şərti iş qərarı çıxardı.
Mən dəfələrlə qohumları, dostları vasitəsilə ona xəbər göndərmişəm ki, buyur, danışaq, bu iftiralar nə üçündür? O isə bu təşəbbüsləri qorxaqlıq kimi qiymətləndirib, bu barədə dostlarına müsahibələr də verib.
Heç kimin həbs olunması məni sevindirmir. Amma adam özü israrla bunu istəyirsə, heç nə edə bilməzsən.
O ki qaldı vətənpərvərliyinə, türksevərliyinə… Vətənpərvər adam Ermənistan vətəndaşlığını qəbul etmək istəyi ilə məhkəməni şantaj etməz. Nə biləsən, bəlkə, həqiqətən, istəyir”.