1 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan Laçın rayonu Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə qeyd olunmalıdır ki, Yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisə kimi bütün dünya Azərbaycanlıları tərəfindən sevinclə qarşılandı. Laçın rayonu 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilmişdir. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalaraq, hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilməklə, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edillərək rayona 7.1 milyad dollar həcmində ziyan vurulmuş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalaraq, 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur.
Qeyd olunmalıdır ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, daim Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edərək Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarını talan etməklə, əksəriyyəti Suriyadan olan 13 mindən artıq erməni əsilli qaçqınların rayonun ərazisində məqsədyönlü məskunlaşdırılması, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirmişdir.
Lakin ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa məcbur edərək ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsi olmaqla dövlətimizin hərbi və siyasi qüdrətini bütün dünyaya göstərdi.
Azərbaycan tərəfinə işğal dövründə dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində iqtisadi, hərbi, diplomatik baxımdan ölkəmizi gücləndirilməsi və Vətən müharibəsi modelini seçməyi üstün tutması Azərbaycanda yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqi oldu.
Hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə geniş quruculuq işləri aparılan Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, dövlətimiz üçün strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfatının inkişafı üçün münbit torpaq sahələrinə, zəngin meşə massivinə malikdir. Rayonun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları və s. faydalı qazıntı ehtiyatları olmaqla ərazidə 8 mineral su yataqlı yeraltı su hövzəsi mövcuddur.
Bütün laçınlılar üçün acı xatirətək tarixin arxivinə çevrilmiş 1992-ci ilin 18 may tarixi nə qədər ağır olsada 2023-cü il Laçına Böyük Qayıdışın başlanğıc ili kimi sevincli və qürurludur.