İcra başçısı: “Prezident Aparatından göndərilən sənədləri tualetdə istifadə edib, atıram”
Ötən günlərdə xəbər yayılmışdı ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov borclu olduğu sahibkarları qəbul edərək, onları təhdid edib. Bu barədə .... saytımıza verilən məlumatda deyilirdi ki, icra başçısı borclu olduğu pulu qaytarmamaq üçün olduqca eybəcər və məmur etikasına uyğun olmayan ifadələr işlədib.
Belə ki, o, iş adamlarına qəbul otağında deyib ki, pul istəməsinlər. Əks təqdirdə, 50 min manat verib, onları həbs etdirəcək.
Bu gün isə həmin qəbulda baş verən bir başqa məsələyə də aydınlıq gəlib. Məlum olub ki, Zakir Fərəcov sahibkarları təkcə, həbslə hədələməyib. Həm də onların dövlət qurumlarına etdiyi şikayətləri də əhəmiyyətsiz hesab edib. Sahibkarların verdiyi məlumata görə, icra başçısı qəbulda sahibkarlara deyib ki, əziyyət çəkib Prezident Admnistrasiyasına, başqa dövlət qurumlarına müraciət etməsinlər. “Zakir Fərəcov bizə dedi ki, boş yerə özümüzü yorub, müraciət etməyək. Bildirdi ki, həmin müraciətlərin üzəri yazılaraq, ona göndərilir. Daha sonra o, “Siz Prezident Aparatına, başqa yerlərə yazırsız. Onlar da həmin müraciətləri mənə göndərirlər. Mən də həmin kağızları götürüb, tualetdə istifadə edirəm” dedi”.
Sahibkarlar qeyd edirlər ki, Zakir Fərəcovun bu sözləri dövlət məmuruna, ölkənin üçüncü ən böyük şəhərinin rəhbərinə uyğun olmayandır. Onlar Fərəcovun bu qədər özbaşına və kimsədən çəkinmədiyindən də təəccübləniblər. “Bu adamın Preziden Admnistrasiyasının ona ünvanladığı sənədi kağız parçası hesab etməsi elə də dəhşətli deyil. Dəhşətlisi odur ki, Zakir Fərəcov həmin kağızları tualetdə istifadə etdiyini, yəni tualet kağızı qədər dəyəri olduğunu açıq və çəkinmədən deyir. Ölkə tarixində hələ heç bir ocra başçısı onun fəaliyyətini tənzimləyən Prezident Aparıtını bu qədər aşağılayıb, təhqir etməyib. Görünür, Fərəcovun arxası dövlətdən, onun qurumlarından daha üstündür ki, o özündə belə cəsarət tapıb, dövlət qurumunun sənədini tualet kağızı hesab edir”.
İş adamları onu da bildirirlər ki, bütün bunlara rəğmən, onlar borclarını almaq üçün bütün qanuni imkanlardan istifadə edəcəklər. Yaxın günlərdə isə vəkilləri ilə məsləhətləşərək, Zakir Fərəcovu məhkəməyə belə verməyi planlaşdırırlar.
Qeyd edək ki, Zakir Fərəcovla bir qrup sahibkar arasında borc qalmaqalı hələ 2016-cı ildən start götürüb. Sumqayıt Dənizkənarı Bulvar və şəhərin müxtəlif yerlərində həyata keçirlən yenidənqurma, tikinti və abadlıq işlərini həyata keçirən şirkətlərə icra başçısının toplam 10 milyon manatdan çox borcu yaranıb. Lakin 7 ildir iş adamları həmin pulu Fərəcovdan ala bilmirlər. Sözügedən şəxs hər dəfə onları bir bəhanə ilə başından edir. Bəzən təhdid dili ilə danışır, bəzən də həqiqətən də həbsə qədər davam edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.