Gərgin proseslərin fonunda prezident seçkilərinin ikinci tura qalması əhəmiyyətli hadisədir.
Bunu açıqlamasında 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından olan deputatı Atilla Sertel bildirib.
O, təmsil etdiyi siyasi düşərgənin mayın 28-də keçiriləcək ikinci tura hazırlıq gördüyünü deyib: “İkinci turda işlərin yolunda gedəcəyini düşünürəm. Biz ümidliyik. Xalqımızın dəstəyi ilə qalib gələcəyimizə inanırıq”.
CHP-li deputat ATA ittifaqının prezidentliyə namizədi Sinan Oğanın ikinci turda hansı namizədə dəstək olması mövzusuna da toxunub. Parlamentari iddia edir ki, Sinan Oğan CHP sədri Kamal Kılıçdaroğlunun yanında yer alacaq.
“Sinan Oğan dəyərli dostumuzdur. Onunla birlikdə Azərbaycanda çox olmuşuq. Atatürkçüdür. Milliyyətçi, xalqını, Türkiyəni düşünən şəxsdir. Sinan Oğan Azərbaycanı sevən insandır. Onun ikinci turda önəmli rol oynayacağını, Kamal bəyin yanında yer alacağını düşünürəm".
Atilla Sertel bildirib ki, "Millət ittifaqı" hakimiyyətə gələrsə, Sinan Oğanın nazir vəzifəsinə təyinatı planlaşdırılır.
“Nazirlik məsələsində anlaşma ola bilər. Düşünürəm ki, partiya sədrimiz Kamal Kılıçdaroğlunun planında Miqrasiya Nazirliyi yaratmaq və bu nazirliyin rəhbərliyinə Sinan Oğanı təyin etmək var. Çünki suriyalıların öz ölkələrinə qaytarılması üçün belə bir nazirliyin yaradılması vacibdir”.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq.
İlk turun nəticələrinə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.
İkinci turda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləməsinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını deyib.