Türkiyədə təhsil alan azərbaycanlı hərbçilərin sayı artırıla bilər

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və səfirliyin əməkdaşları Türkiyə Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Mühafizəsi Akademiyasının İdarə Heyəti və akademiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüşüb.

 

BakuPress.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

 

Jandarma və Sahil Mühafizəsi Akademiyasının rəisi general-leytenant Nuh Köroğlu və akademiyanın İdarə Heyətinin üzvləri ilə keçirilən görüş zamanı Azərbaycanla Türkiyə arasındakı hərbi təhsil sahəsində əməkdaşlıq, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə lazım olan işlərin görülməsi, azərbaycanlı hərbi qulluqçular üçün ayrılan yerlərin sayının artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb.

 

Bundan əlavə, son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlik, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar Akademiyanın idarə heyətinin diqqətinə çatdırılıb.

 

Daha sonra Jandarma və Sahil Mühafizəsi Akademiyasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları ilə görüş keçirilib, kursantlar üçün yaradılmış şəraitlə yaxından tanış olunaraq onların nizam-intizamı, imtahan nəticələri barədə söhbətlər aparılın və müraciətləri dinlənilib.

 

Hərbi attaşe tərəfindən Akadmiyada təhsil alan hərbi qulluqçulara bir daha onların üzərinə düşən məsuliyyət xatırladılıb, onların vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyələr verilib.

0.061980962753296