“Millət İttifaqı” dağılacaq, Kılıçdaroğlu ortada qalacaq – MHP-dən açıqlama

Türkiyədə mayın 28-də keçiriləcək ikinci tur prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi cənab Rəcəb Tayyib Ərdoğan qalib gələcək. Qələbəmizə heç kimin şübhəsi olmasın.

 

Bunu  açıqlamasında 27 çağırış Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Kamil Aydın deyib.

 

“Mayın 14-də keçirilən seçkidə qalib gələcəyimizi ehtimal etmirdilər. Manipulyasiya və anketlərlə "Millət İttifaqı" qazanacaq deyə uydurma işlər aparırdılar. Lakin dedikləri həqiqəti əks etdirmədi. İnşallah, ikinci turda böyük səs fərqli ilə "Cumhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçiləcək. Biz qələbəyə inanırıq. Əminik ki, 28 mayda prezident Ərdoğan olacaq”.

 

 

MHP-li deputat keçmiş partiyadaşı, ATA ittifaqının prezidentliyə namizədi Sinan Oğanın ikinci turda hansı namizədə dəstək olması mövzusuna da toxunub. Parlamentari vurğulayıb ki, Sinan Oğanın hansı mövqeyi tutmasından asılı olmayaraq, vətəndaşların əksəriyyəti Ərdoğana səs verəcək:

 

“Sinan Oğan şişirdilmiş simadır. Məhərrəm İncəyə səs verməyi düşünən insanlar o geri çəkildikdən sonra alternativ olaraq Sinan Oğana səs verdilər. Sinan Oğan seçkilərdə təkbaşına 5 faiz səs toplaya bilməz. Hesab edirəm ki, ikinci turda səsverən insanlar cümhuriyyətini sevən, dövlətinə, millətinə xəyanət etməyənlərlə birlikdə olacaq. Dolayısı ilə ikinci turda ona səs verənlərin əksəriyyətinin "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğana səs verəcəyini düşünürəm. Sinan Oğan bundan sonra çıxıb əksini desə belə, heç kəs onu dinləməz”.

 

Kamil Aydın əlavə edib ki, seçkidən sonra müxalifət partiyalarının təmsil olunduğu “Millət İttifaqı”nda parçalanmalar olacaq.

 

“"Millət İttifaqı" daxilində parçalanma olacaq. 40 yerdən yamaq vurulmuş boğçaya bənzəyirlər. Yoldan keçən hər kəsi ittifaqa çağırırlar. Deyirlər ki, gəl bizə qoşul, sənə də filan vəzifəni verək. Onların əlaqələrinin mənfəət əsasında qurulduğu aşkara çıxdı. Hər kəsi bir tərəfə çəkəcəklər. Ortada Cümhuriyyət Xalq Pariyası(CHP) və Kamal Kılıçdaroğlu qalacaq. O zaman müxalifətdə hesablaşma başlayacaq. Çünki hamısının prezident köməkçisi, nazir olmaq xəyalları vardı”.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq.

 

İlk turun nəticələrinə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.

 

İkinci turda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləməsinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını deyib.

0.045760869979858