Mayın 19-da Türkiyə prezidentliyinə seçkilərin ilk turunda "ATA İttifaqı"nın namizədi olmuş Sinan Oğan ikinci turda kimə dəstək verəcəyini ictimaiyyətə açıqlayacaq.
Bakupress.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Kürşat Oğuz məlumat yayıb.
Oğuzun sözlərinə görə, o, Sinan Oğanla görüşüb və ikinci turla bağlı fikirlərini öyrənib.
"Sinan Oğanla danışdım. Səsi tutulub, boğuq çıxır. Yüngül xəstələnib. Dedi ki, ikinci turla bağlı qərarımızı mayın 19-da açıqlayacağıq. Mənalı tarixdir (19 may 1919-cu ildə Atatürk Samsun sahillərinə çıxıb. Bu tarix Qurtuluş Savaşının başladığı gün hesab olunur - red.). İttifaq daxilində fikir mübadiləsi hələ də davam edir", - deyə o qeyd edib.
Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.