Seçkidən sonra GƏRGİNLİK - Ruspərəstlər etiraza qalxdı

Moldovanın cənubunda yerləşən Qaqauziya muxtariyyətinin Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən başqan seçkilərinin nəticələrini təsdiqləyib.

 

BakuPrtess.az  xəbər verir ki, seçkilərdə Moldovada fəaliyyət göstərən Rusiyameyilli Şor partiyasının namizədi Yevgeni Qutsul qalib gəlib.

 

Seçkilərdən sonra Qutsul Qaqauziya muxtariyyəti ilə Rusiya Federasiyası arasında münasibətlərin möhkəmlənməsinin tərəfdarı olduğunu bildirib.

 

"Biz Rusiyayönlü partiyayıq. Biz Rusiya Federasiyası ilə dostluğu davam etdirmək, başqa ölkələrlə dost olmaq istəyirik. Biz heç bir münaqişə istəmirik”, - o deyib.

 

Qutsul Moldovanın əsasən türkdilli provaslav xalqın yaşadığı bölgəsinin Moskvada nümayəndəliyini açmaq və kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracına maneələrin aradan qaldırılması ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

 

Qeyd edək ki, Şor partiyası aylardır Moldovanın Avropameyilli prezident və hökumətinin istefası tələbi ilə etiraz aksiyaları keçirir. Moldova Konstitusiya Məhkəməsinin Şor partiyasına qadağa qoyulması ilə bağlı qərar çıxaracağı gözlənilir.

 

Partiyanın lideri İlan Şor 2014-2015-ci illərdə Moldova banklarından 1 milyard dolların oğurlanması ilə əlaqədar açılan cinayət işi çərçivəsində qiyabi olaraq 15 il müddətinə həbs edilib. O, hazırda İsraildə yaşayır. 

 

Moldovanın Baş naziri Dorin Recean və digər dövlət rəsmiləri seçkilərin nəticələrini şübhə altına alıb. Baş nazir seçkinin nəticələrinin qeyri-müəyyən olduğunu deyib.

 

"Polis və prokurorlar səsvermə zamanı qeyd olunan ictimai pozuntulara yol veriblər", - Baş nazir Moldovanın "Pro TV" kanalına müsahibəsində bildirib.

 

Daha sonra Moldova Milli Antikorrupsiya Mərkəzinin əməkdaşları Qaqauziya Mərkəzi Seçki Komissiyasının saxtakarlığa yol verdiyini əsas gətirərək seçki bülletenlərini yoxlamaq üçün özləri ilə aparıblar. Muxtariyyətin mərkəzi Komrat şəhərində Moldova hakimiyyətinin hərəkətlərinə cavab olaraq etiraz aksiyası keçirilib. Aksiyaçılar Milli Antikorrupsiya Mərkəzinin əməkdaşlarının qarşısını almağa cəhd ediblər.

 

Mayın 17-də Komratda daha geniş mitinqin keçiriləcəyi gözlənilir.

0.045495986938477